Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirici təlim keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.4-cü bəndinin (“Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi”) icrası məqsədilə, 13 aprel tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Suraxanı rayonu 318 nömrəli orta məktəbin 9-11-ci sinif şagirdləri arasında maarifləndirici təlim keçirilib.
Təlim sosial çarxın nümayişi ilə başlayıb.
Təlimi giriş sözü ilə açan 318 nömrəli məktəbin direktoru Mürsəl Kazımov insan alverinin qarşısının alınması sahəsində dövlət tərəfindən atılan mühüm addımları yüksək qiymətləndirib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında təqdimatla çıxış edərək, həm ölkəmizdə, həm də bütün dünya ölkələrində bu problemin geniş yayıldığını qeyd edib. Azərbaycanda bu sahədə qəbul edilmiş qanunvericilik, Milli Fəaliyyət Planı haqqında məlumat verərək bildirib ki, Dövlət Komitəsi tərəfindən insan alverinin qarşısının alınması sahəsində mütəmadi olaraq tələbə və şagirdlər arasında maarifləndirici təlimlər keçirilir.
Təlimdə çıxış edən Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Fuad Əliyev şagirdlərə insan alverinə qarşı həyata keçirilən mübarizə tədbirləri, onların profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verib. Azərbaycan dövlətinin bu sahədə ehtiyacı olan bütün standartlara və mexanizmlərə sahib olduğunu vurğulayıb, bir sıra insan alveri faktları haqqında şagirdlərə geniş məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları təqdim edilib.