Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “YARAT” qeyri-kommersiya təşkilatının birgə layihəsi işinə başlamışdır
Поделиться:
Uşaqlar arasında bərabər imkanlar yaratmaq və onların iştirak hüququnun təmin edilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “YARAT” qeyri-kommersiya təşkilatı aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum olunmuş uşaqların yaradıcılıq bacarıqlarının dəstəklənməsinə yönəlmiş “BACARART” layihəsini birgə həyata keçirirlər. “BACARART” layihənin əsas məqsədi Azərbaycanın müxtəlif regionlardan olan istedadlı uşaqların yaradıcı potensialının inkişaf etdirilməsidir.İlk dəfə 2012-ci ilin oktyabr ayında həyata keçirilən “BACARART” layihəsində Orxan Hüseynov, Fərid Rəsulov, Rəşad Ələkbərov, Faiq Əhməd, Cemma Səttar kimi tanınmış rəssamlar, habelə fotoqraflar Fəxriyyə Xələfova, Sənan Ələsgərov və Sitarə İbrahimova iştirak edib. Yuxarıda qeyd olunan incəsənət xadimlərinin rəhbərliyi altında “BACARART” layihəsinin gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və bədii fotoşəkil sənətinin əsaslarına yiyələnmişlər. Layihə çərçivəsində ərsəyə gələn bütün işlər müxtəlif qurumların və diplomatik nümayəndələrin, eləcə də ictimai və incəsənət xadimlərinin iştirak etdiyi Kempinski Badamdar otelində təşkil olunmuş xeyriyyə gecəsində nümayiş olunmuşdur. Keçirilən tədbirdə nümayiş olunan eksponatların həqiqi dəyərindən artıq qiymətə satıldığı hərrac keçirilmişdir. Hərrac sayəsində kiçik müəlliflər yaratdıqları əsərlərin böyüklər və uğur qazanmış insanlar tərəfindən təqdir olunduğunu ilk dəfə olaraq hiss edə bilmişdilər. Hərrac-sərgi onlara “YARAT” kimi təşkilatın fəal iştirakı sayəsində uşaq yaradıcılığının inkişafında ciddi irəliləyişin baş verməsini dərk etməyə kömək edib. Layihə iştirakçılarının çoxu o anda ilk dəfə olaraq gələcək həyatlarını incəsənət aləmiylə bağlamaq fikrinə gəldilər. Hərrac-satışın nəticəsində əldə olunan vəsaitlər “BACARART” layihəsi iştirakçılarının ailələrinin sosial müdafiəsinə sərf olunub.
Keçirilən ilk layihənin uğuru “YARAT” qeyri-kommersiya təşkilatını və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini əməkdaşlığın davam etdirilməsinə ruhlandırdı. Belə ki, 2014-cü ilin iyun ayının 9-14-də Saatlı və 17-21-də Göygöl rayonlarında “BACARART” layihəsinin birinci mərhələsi həyata keçirilməyə başlanılmışdır. Layihəyə ölkənin 10 bölgəsindən (Bakıının Xəzər rayonu, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Goranboy və Ağdam) 50 istedadlı uşaq və yeniyetmə cəlb olunmuşdur. Layihə çərçivəsində müəllim vəzifələrini Vüsal Rəhim, Sitarə İbrahimova, Ramal Kazımov və Rəza Xəzari kimi peşəkar rəssamlar icra edəcək.
Layihənin ikinci mərhələsində layihə iştirakçıları və peşəkarlar tədris prosesini Azərbaycanın ecazkar guşələrinin birində təşkil olunması nəzərdə tutulan yay art-məktəbində davam etdirəcək. Əsrarəngiz mənzərələr, şəhər təlaşından uzaq məkanlar və sərbəst ünsiyyət hesabına hər bir uşağa mövcud potensialın maksimal dərəcədə aşkar etmək mümkündür.
2014- cü ilin noyabrında BMT-nin Uşaq Hüquqları Konvensiyasının yaranmasının 25 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdən biri də layihə ərzində yaradılan əsərlərin yekun sərgisinin təşkil olunmasıdir. Bu sərgi iştirakçıların əksəriyyəti üçün yaradıcılıq debütu rolunu oynayacaq və onların təhsilini davam etdirməsi və rəssamlıq fəaliyyətinin genişləndirilməsinə kömək edəcəkdir.