Nərimanov rayonunda yerləşən 36 nömrəli tam orta məktəbdə tədbir keçirilib

5 марта 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə həyata keçirilən “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi davam edir. Layihə çərçivəsində növbəti tədbir 16 mart 2017-ci il tarixində Nərimanov rayonunda yerləşən 36 nömrəli tam orta məktəbdə keçirilib. 2 hissəli tədbirdə məktəbin yuxarı sinif şagirdləri, məktəbin müəllim heyəti və məktəbdə təhsil alan şagirdlərin valideynləri, eyni zamanda Komitə əməkdaşları iştirak edib.

Valideynlərlə birgə keçirilən görüşü giriş sözü ilə açan məktəbin direktoru Emilya Səfərəliyeva orta məktəblərdə həyata keçirilən maarifləndirmə tədbirlərinin şagirdlər üçün önəmindən, eyni zamanda müəllim və valideynlər arasında körpü rolunu oynadığından bəhs edərək, tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa, onları maraqlandıran, narahat edən sualları çıxışçılara ünvanlamağa dəvət edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxışı zamanı ölkə rəhbərliyi tərəfindən hər zaman ailə məsələlərinə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib, ailə, qadın və uşaq məsələləri istiqamətində Komitənin Respublikamızda həyata keçirdiyi uğurlu siyasətdən söhbət açıb. İlbəil əhalinin rifahının, xüsusi ilə aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması, yaşlı insanlara diqqət və qayğının artırılması, uşaqların təlim-tərbiyə və təhsil həyatının daha da gücləndirilməsi məqsədilə ölkəmizdə bir çox Dövlət Proqramlarının qəbul edildiyini, layihələrin həyata keçirildiyini və qanunvericiliyə müsbət istiqamətdə dəyişikliklər edildiyini qeyd edən G.Məmmədova bu cür maarifləndirmə tədbirlərinin maarifləndirmə məqsədilə böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra “Ailənin sosial-psixoloji xüsusiyyətləri” adlı təqdimatla Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova və hüquqi məsələlər barəsində Komitənin Hüquqi-Təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynzadə çıxış edib. Çıxışlar zamanı müəllimlər və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması, ailədə baş verən konfliktlərdən qorunma yolları, məişət zorakılığı və erkən nikah hallarına qarşı mübarizə kimi mövzular ətrafında tədbir iştirakçılarına məlumat verilib və müzakirələr aparılıb.

Tədbirin yuxarı sinif şagirdləri ilə birgə keçirilən 2-ci hissəsində “Mən həyatı seçirəm” adlı təqdimatla çıxış edən Komitənin Ailə Problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva və həmin şöbənin məsləhətçisi Azər İsalı şagirdlərə yeniyetməlik dövrünün çətinlikləri, bu istiqamətdə ailədə yaranan problemlərin həlli yolları, internet təhlükəsizliyi, reproduktiv sağlamlıq, zərərli vərdişlərə qarşı mübarizə və s. mövzular ətrafında geniş məlumat verib.

Daha sonra tədbirdə şagirdlərlə birgə müzakirələr aparılıb və onları psixoloji istiqamətdə maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə “Azərbaycan ailəsi 2016” film festivalına təqdim olunan “Ailə bir ağacdır” və “Dəyər” filmləri layihəni əhatə edən mövzularla vəhdət təşkil etdiyi üçün tədbir iştirakçılarına nümayiş olunub. Sonda məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan və çap olunan maarifləndirmə vəsaitləri, kitablar təqdim olunub.