15 yaşlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, UNICEF və digər beynəlxalq təşkilatlara ünvanlanmış B Ə Y A N A T

5 сентября 2014

Поделиться:

Azərbaycan xalqı artıq uzun illərdir ki, erməni qəsbkarlarının soyqırımı siyasətinə məruz qalır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib. İşğal zamanı minlərlə insanın, o cümlədən azyaşlı uşaqların beynəlxalq hüquqi sənədlərdə öz əksini tapmış əsas hüquq və azadlıqları kobudcasına pozulmuş, onlara qarşı amansız rəftar edilmiş, qətlə yetirilimiş, əsir və girov götürülümüşdür.

12 may 1994-cü ildə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında «Atəşkəs haqqında Saziş»in bağlanması və qüvvəyə minməsinə baxmayaraq, qarşı tərəf hələ də öz çirkin niyyətlərindən əl çəkmir, atəşkəs rejimi müntəzəm olaraq pozulur, nəticədə Azərbaycan tərəfindən təmas xəttini qoruyan əsgərlər şəhid olur, mülki şəxslər, xüsusilə azyaşlı uşaqlar qətlə yetirilir, girov götürülür, aldıqları xəsarət nəticəsində öz fiziki sağlamlığını itirirlər.

Belə ki, 8 mart 2011-ci il tarixində doqquz yaşlı Fariz Bədəlovun erməni snayperinin açdığı atəş nəticəsində qətlə yetirilməsi, 2011-ci il iyul ayının 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi ilə 1998-ci il təvəllüdlü Aygün Şahmalıyevanın faciəli ölümü erməni vəhşiliyini bir daha sübuta yetirmiş oldu. Həmçinin, 2014-cü ilin avqust ayında erməni hərbçiləri tərəfindən açılan atəşlər nəticəsində Tovuz rayonundan 5 yaşlı Nurcan Nağıyeva, 17 yaşlı Fərid Məmmədov yaralanmış, 14 yaşlı Sərxan İsmayılov əlindən və sinəsindən qəlpə yarası almış, Gədəbəy rayonundan 15 yaşlı Şəlalə Tağıyeva ayağından güllə yarası almış, Ağstafa rayonundan 10 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq ağır yaralanmışlar.

5 sentyabr 2014-cü il tarixində isə Tərtər rayonundan olan 15 yaşlı Cavid Samir oğlu  Məmmədov təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Girov götürülmüş azyaşlı uşağın taleyindən dərin narahatlıq keçirərək azyaşlı Cavid Məmmədovun tezliklə azad olunmasını tələb edirik.

UNICEF və aidiyyəti beynəlxalq təşkilatları baş verənlərə laqeyd qalmamağa, Cavid Məmmədovun taleyi ilə yaxından maraqlanmalarına, Ermənistanın bu düşmənçilik hərəkətlərinə son qoymağa və girovun tezliklə geri qaytarılması istiqamətində səylərinin gücləndirilməsini istəyirik.