Paytaxt məktəblilərinin iştirakı ilə 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş Debat Forumu keçirilmişdir
Поделиться:
“Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “AzerGold” QSC və “Nar”ın birgə təşkilatçılığı ilə icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş maarifləndirmə kampaniyası çərçivəsində paytaxt məktəblilərinin iştirakı ilə Debat Forumu keçirilmişdir.
Məktəbliləri öz hüquqları barədə maarifləndirmək, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək, eləcə də onların bilik və özünü ifadəetmə bacarıqlarının artırılmasına, şəxsi inkişafına dəstək vermək məqsədilə təşkil olunan forumda təşkilatçı qurumların mütəxəssislərinin iştirakı ilə gələcəyimiz olan uşaqların hüquq və haqlarının müdafiəsi sahəsində dövlət siyasətinin konseptual əsasları və davamlı inkişafı istiqamətində görülən işlər, bu sahədə qarşılaşılan başlıca problemlər və həll yolları müzakirə edilmiş, uşaqların öz hüquqları barədə hərtərəfli məlumatlı olmasının vacibliyi vurğulanmışdır.
“Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə keçirilmiş forumda, həmçinin Bakı şəhəri üzrə 10 ümumtəhsil məktəbində təhsil alan 100-dən çox şagird üçün Milli Debat Proqramının təlimçiləri tərəfindən müxtəlif mövzularda təlimlər keçirilmiş, uşaq hüquqları ilə bağlı məktəblilər maraqlandıran suallar cavablandırılmış, komandalar şəklində verilmiş mövzular üzrə debatlar aparılmış, fəallığı ilə seçilən komandalara və bütün iştirakçılara sertifikatlar təqdim edilmişdir.