“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

5 декабря 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6-7 dekabr 2023-cü il tarixlərində, saat 10:00-da “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

          Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair  2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə təşkil edilən konfransda Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair təqdimatlar ediləcək, mövcud problemlər və perspektivlər barədə panel müzakirələri aparılacaqdır.   

          Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədov və dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün regionlardan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları və jurnalistlər iştirak edəcəkdir.

Ünvan: “Hyatt Regency Baku Hotel”, Quba zalı