“Gücümüz cəsarətimizdədir!” aksiyası keçirilib
Поделиться:
13 noyabr 2023-cü il tarixində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı, eləcə də idman federasiyalarının dəstəyi ilə “Gücümüz cəsarətimizdədir” adlı aksiya keçirilib. Aksiyada Bakının müxtəlif rayonlarını təmsil edən 600-dan çox qız iştirak edib.
Qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin kütləvi şəkildə təbliği, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyan aksiyaya Dənizkənarı Milli Parkın Azneft dairəsindən başlayan yürüşlə start verilib. Yürüşdən sonra rəsmi açılış tədbiri başlayıb.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, şahmat üzrə beynəlxalq qrosmeyestr Aynur Sofiyeva, tədbir iştirakçılarını salamlayıb və aksiyanın tərəfdaşlarına təşəkkürünü bildirib.
Tariximizə qızıl hərflərlə yazılan Zəfərimizə diqqət çəkən A.Sofiyeva vurğulayıb ki, Azərbaycanın inkişafında, hər bir sahədə qazanılan uğurlarda qadınların rolu, əməyi danılmazdır: “Bu gün Azərbaycan qadını hər bir sahədə uğurlara imza atır, öz bacarığını, potensialını ortaya qoyur”.
Sədr müavini “Gücümüz cəsarətimizdədir” devizi altında silsilə tədbirlərin keçiriləcəyini, hər bir sahədə uğur qazanan qadınlarımızın cəmiyyətə təqdim ediləcəyini qeyd edib. O, çıxışının sonunda aksiyada iştirak edən qızlara daim öz üzərlərində çalışmağı, dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etməyi tövsiyə edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov, ölkəmizdə idman sahəsinə olan qayğı və diqqətdən söz açıb. Konfederasiyanın nəzdində fəaliyyət göstərən İdman Təşkilatları Assosiasiyasının tərkibində cəmləşən idman cəmiyyətləri, klublarının uşaq və gənclərin asudə vaxtlarının təşkili məqsədilə keçirdiyi müxtəlif tədbirlərdən danışıb. Bu tədbirlərdə 300-dən çox qızın iştirak etdiyini vurğulayan sədr, qızların idmana cəlb olunmasının önəmini qeyd edib.
Açılışdan sonra Azərbaycan Gimnastika Federasiyasının idmançılarının çıxışları təqdim edilib.
Daha sonra Azərbaycan idmanında öz sözünü demiş idmançılarımız – Olimpiya, ikiqat Dünya və beşqat Avropa çempionu, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, Azərbaycanın ilk qadın paralimpiyaçısı Zinyət Vəliyeva, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa çempionu İradə Aşumova və qadınlar arasında beynəlxalq qrossmeystr, qızlar arasında Dünya və Avropa çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı Zeynəb Məmmədyarova, Azərbaycanın bədii gimnastı, IV, V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa Çempionatının bürünc medalçısı Zöhrə Ağamirova səhnəyə çıxıblar. Onlar, qızlar arasında idmanın təşviqi, onların bu sahədə inkişaf etməsi ilə bağlı fikirlərini səsləndiriblər, onlara tövsiyələrini veriblər. Sonda “Gücümüz cəsarətimizdədir!” şüarı səsləndirilib.
Azərbaycan Kapoeyra Federasiyasının idmançılarının çıxışı təqdim edildikdən sonra tədbir ustad dərsləri ilə davam edib. İştirakçılar müxtəlif idman növləri üzrə ayrılmış xüsusi zonalarda müxtəlif fəndləri izləyiblər.