“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda görüş keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə keçirilən tədbirlərin davamı olaraq, 1 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Dəmir Yolu və Metropoliten Üzrə Baki Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin tərbiyyə işləri üzrə direktor müavini Fuad Əliyev yeniyetmə və gənclər arasında belə maarifləndirici görüşlərin keçirilməsinin önəmindən danışıb.
Sonra Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən nikah və qohumlar arasında bağlanan nikahların cəmiyyətimizi narahat edən problemlərdən biri olduğunu qeyd edərək, təqdimatında belə nikahların mənfi nəticələrindən, onların qarşısının alınmasına dair qanunvericilikdən, qəbul edilən normativ-hüquqi sənədlərdən, dövlət, xüsusilə də Dövlət Komitəsi tərəfindən görülən işlərdən iştirakçılara ətraflı məlumat verib.
Tədbirin sonunda K.Əliyeva bütün cəmiyyət üzvlərinin belə hallarla mübarizədə fəal olmalarının vacibliyini vurğulayıb, bu cür hallarla üzləşən şəxslərə dərhal Dövlət Komitəsinə və ya aidiyyəti qurumlarara müraciət etməyi tövsiyə edib.
İnteraktiv formatda keçirilən görüşdə tələbələr mövzu ilə bağlı öz fikirlərinin bildirib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə erkən nikahların fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib, “Qan qohumları arasında bağlanan nikahların fəsadları” mövzusunda məlumatlandırıcı çap vəsaiti paylanılıb.
Görüşdən 70 nəfər yeniyetmə və gənc faydalanıb.