Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin 8-ci iclası keçirilib.
Поделиться:
Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin (CDENF) növbəti iclasında və Hüquqi Əməkdaşlıq üzrə Avopa Komitəsinin (CDCJ) birgə sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak edib.
3 gün davam edən iclas zamanı 2022-2027-ci illər üzrə Avopa Şurasının Uşaq Hüquqları üzrə Strategiyasının icra vəziyyəti ilə bağlı ölkələrin təqdim etdiyi məlumatlara uyğun hazırlanmış hesabatın təqdimatı baş tutub.
Bütün uşaqların sosial inkluziyası üzrə uşaqların keyfiyyətli psixi sağlamlıq xidmətlərinə çıxışı ilə bağlı sorğunun, eyni zamanda bütün uşaqların yeni informasiya texnologiyalarından təhlükəsiz istifadəsi üzrə uşaq hüquqları və süni intellektlə bağlı sorğunun nəticələrinə dair hesabatlar təqdim olunub.
İclas zamanı uşaq iştirakçılığı, uşaq hüquqları və ətraf mühit, müşayiət olunmayan uşaqlarla bağlı mövzularda hazırlanmış tövsiyə sənədləri müzakirə edilib.
Müzakirələr zamanı çıxış edən Ceyran Rəhmətullayeva ölkəmizdə uşaq iştirakçılığı ilə bağlı 3 əsas platformanın həyata keçirildiyini vurğulayaraq, Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi və hər 3 ildən bir keçirilən Uşaq Forumu haqqında məlumat verib. O, hazırda ölkəmizdə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiya”sı çərçivəsində həyata keçirilən işlər barədə danışaraq, ətraf mühit və ekologiya məsələlərinin həm strategiyada nəzərdə tutulduğunu, eyni zamanda uşaq iştirakçılığı sahəsində fəaliyyət göstərən platformalarda reallaşdırılan layihələrin əsas mövzularından olduğunu bildirib.
İclasda ölkələrə Avropa Şurası Uşaq Strategiyasının uşaqlar üçün izahı üzrə hazırlanmış xüsusi “rəhbərlik” formasının milli dillərə tərcüməsi tövsiyə olunmuş və uşaqlara qarşı zorakılığın qarşısının alınması üzrə Avropa Şurasının 2009-cu ildə qəbul olunmuş tövsiyə sənədi üzrə yeni sorğunun təqdim ediləcəyi qeyd olunub.
Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin sonuncu gün keçirilən plenar iclasında valideynlərin ayrılığı zamanı uşaqların hüquqlarının qorunmasına dair sənəd qəbul olunub.