“Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi”

8 декабря 2014

Поделиться:

Dekabrın 8-də Bakıda “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan konfransda BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin, Avropa Şurasının, Dünya Səhiyyə Təşkilatının nümayəndələri, eləcə də Fransa, ABŞ, Pakistan, Qazaxıstan və digər ölkələrdən ekspertlər iştirak ediblər.

       Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova uzun illərdir insanların narkomaniyanın törətdiyi ağır fəsadlarla üzləşdiklərini söyləyib. Komitə sədri deyib ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 250 milyonu bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Narkomaniya insanları ölümə məhkum edən və genefonda sarsıdıcı zərbə vuran bəladır. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu dəhşətli bəlaya qarşı mübarizəni daha da təkmilləşdirib.

Proqrama əsasən, Komitə,  Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən dövlət ailə siyasətinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üzrə tədbirlər gücləndirilir. Mütəmadi olaraq narkomaniya, insan alveri, erkən nikah, məişət zorakılığı, uşaq əməyinin istismarı ilə, selektiv abortlarla və digər problemlərlə mübarizə aparılır. Əhalini məlumatlandırmaq məqsədilə Komitə  narkomaniya və onun fəsadları haqqında bir neçə maarifləndirmə kampaniyası keçirib. Uşaqların və gənclərin, o cümlədən qızların sağlam həyat tərzi keçirmələri üçün hər cür şərait yaradılır. Bunu yerli və beynəlxalq səviyyədə keçirilən bilik, idman yarışlarında qazanılan uğurlar da təsdiq edir. Komitə sədri bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov narkomaniyanın cəmiyyət üçün ağır problem olduğunu deyib. Qeyd olunub ki, bu, həm sosial, həm iqtisadi, həm də siyasi problemdir. Çünki qadın və uşaqların qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Xüsusən qadın və uşaqların narkomaniyadan çəkindirilməsi ictimai sifarişdir və bir məsələ cəmiyyətin, dövlətin qarşısında duran əsas məqsədlərdəndir. Dünyada bununla bağlı atılan mütərəqqi addımların ölkəmizdə də tətbiq olunduğunu söyləyən X.Xələfov bildirib ki, bu gün Azərbaycan müvafiq beynəlxalq qurumların işində fəallıq göstərir, məruzələr, hesabatlar təqdim edir. Son dövrlər Azərbaycanda insan hüquqlarının qorunması sahəsində böyük uğurlar əldə olunub. Azərbaycanın apardığı siyasət bu problemlərin həlli üçün möhkəm baza yaradıb.

     Nazir müavini insan hüquqlarının qorunmasının Azərbaycan üçün prioritet məsələ olduğunu vurğulayıb. O, narkomaniyanın qadın və uşaqlara ağır zərbə vurduğunu bildirib və dövlət qurumlarını beynəlxalq əməkdaşlıqda daha fəal olmağa çağırıb.

       Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, münaqişə və müharibələr narkomaniyanın və digər problemlərin daha geniş yayılmasına şərait yaradır. Azərbaycan 1988-ci ildə münaqişəyə cəlb ediləndən sonra narkomaniya geniş yayılmağa başlasa da, ulu öndər Heydər Əliyevin atdığı addımlar, 1996-cı ildən başlayaraq qəbul edilən proqramlar, qanunlar bu sahədə mübarizədə ciddi uğurlar əldə edilməsini şərtləndirib. Narkomaniya tək bir ölkənin deyil, bəşəriyyətin problemidir. Səhiyyə ocaqları, təhsil sistemi, idman təşkilatları, QHT-lərin birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq bu problemin qarşısını almağa qadirdir.

       Bu sahədə mövcud olan problemlərin həlli üçün Milli Məclisdə qanunlar qəbul edildiyini, ictimai müzakirələrin aparıldığını vurğulayan Bahar Muradova cəmiyyətin bütün təbəqələrini bu problemlə mübarizəyə cəlb etməyin vacibliyini bildirib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek ölkəmizdə narkotiklərə qarşı aparılan mübarizənin təqdirəlayiq olduğunu bildirib, hüquq mühafizə orqanlarının bununla bağlı gördüyü işləri qeyd edib.

        Milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev təmsil etdiyi qurumun bu sahədə fəaliyyəti barədə danışıb. Bildirilib ki, son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənib. Əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır. Bu baxımdan narkotiklərin qaçaqmalçılığı və tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə də ölkəmizdə təcili və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.

      Nazir müavini deyib ki, Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır. Xarici amillərdən danışarkən, ilk növbədə Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüququn norma və prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlər qeyd olunmalıdır. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağın və digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb. Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Həm bu mövqe, həm də ölkəmizin həyata keçirdiyi regional əhəmiyyətli layihələr və çoxtərəfli inteqrasiya meyilləri cinayətkar birliklərin diqqətini bölgəyə cəlb edir. Narkomanlığın genefondumuza ağır zərbə vurduğunu deyən Əli Şəfiyev bildirib ki narkomanlığın doğurduğu təhlükələr hərtərəfli qiymətləndirilməli və ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ümumbəşəri problemlərdən biri olan narkomaniyaya qarşı mübarizədə milli və beynəlxalq qüvvələrin səylərini birləşdirməsinin zəruriliyini qeyd edib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda bu problemlə mübarizə aparmaq üçün güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdırıb.

         Mili Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, narkomaniya məişət zorakılığının, cinayətlərin artmasına və genefondun zəifləməsinə gətirib çıxarır. Buna görə də sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işlərinin aparılması vacibdir. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi Hanna Heykkila bu sahədə mövcud olan beynəlxalq təcrübədən istifadənin önəmini vurğulayıb.

         Sonra konfrans işçi sessiyalarda işini davam etdirib. Sessiyalarda “Narkomanlığa düçar olmuş uşaqların və qadınların sosial və tibbi reabilitasiyası”, “ Beynəlxalq təcrübə və perspektivlər”, “Baxımsız uşaqların narkotik vasitələrdən istifadəsinin qarşısının alınması sahəsində yeni üsulların tətbiqi və nəticələr”, “Narkotik vasitələrin uşaqlara və qadınlara təsiri. Narkotiklərlə mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolu” mövzuları müzakirə olunub.