Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri” mövzusunda gənclərlə görüş keçirilib
Поделиться:
27 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri” mövzusunda gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır, qalib gəlir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu ölməz amallar uğurla həyata keçirilir, artıq 3-cü ildir ki, Azərbaycan özünün milli dövlət quruculuğunun və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
“Biz Heydər Əliyev İrsini Öyrənirik” məktəbinin fəaliyyətindən danışan M.Nağıyev, bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.
Görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gənclərin əhatəsində olmaqdan məmnunluğunu ifadə edib.
Azərbaycanın bu gün çox əhəmiyyətli və şərəfli bir dövr yaşadığını qeyd edən sədr, müstəqil və qüdrətli dövlət qurmaq üçün yolun asan olmadığını vurğulayıb.
Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salan sədr, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu strateji xəttin həyatımızın bütün sferalarını əhatə etdiyini vurğulayıb: “Bu siyasət Azərbaycana bütün istiqamətlərdə uğur gətirən siyasət olduğunu hər an sübut edir. Bu gün Ümummilli liderin zəngin irsi yeni dövrün tələblərinə uyğun olaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Ailə cəmiyyətin və dövlətin əsasıdır deyən B.Muradova, gənclərə ailə dəyərlərinin əhəmiyyətindən danışıb. O, əlavə edib ki, güclü dövlət ailədən başlayır. Bu gün var olan güclü Azərbaycanı qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çiçəklənmiş, qüdrətli bir dövlət kimi təhvil vermək hər birimizin borcudur və hər kəs öz növbəsində bu prosesin iştirakçısına çevrilməlidir.
Çıxışlardan sonra “Biz Heydər Əliyev İrsini Öyrənirik” məktəbi tələbələrini maraqlandıran suallar cavablandırılıb.