Uşaq inkişafı mütəxəssisləri üçün keçirilən 4 günlük təlim uğurla yekunlaşdı
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və Türkiyə Respublikasından dəvət olunan mütəxəssisin iştirakı ilə 10-13 oktyabr 2023-cü il tarixlərində Sabunçu Gənclər Evində keçirilən 4 günlük təlim yekunlaşıb.
Ölkəmizdə fəaliyyət göstərən uşaq inkişafı üzrə mütəxəssislərin - psixoloq və sosial işçilərin erkən uşaqlıq dövründə uşaqlarla iş istiqamətində geniş məlumatlandırılması məqsədilə keçirilən təlimdə klinik psixoloq, psixoterapevt Fundem Ece iştirak edərək 4 gün ərzində iştirakçılara “Bağlanma nəzəriyyəsi ilə oyun terapiyasının əlaqəsi” və “Uşaqlarda diqqət əksikliyi və hiperaktiv pozuntu” mövzularında təqdimatlar vasitəsi ilə məlumatlar verib.
İnteraktiv şəkildə keçən təlimlərdə qrup işləri aparılıb, rollu oyun tapşırığı verilib və geniş şəkildə müzakirələr təşkil edilib.
Ümumilikdə, 100-ə yaxın mütəxəssisin iştirak etdiyi təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolunun Fəaliyyət Planına əsasən keçirilib.