Dövlət Komitəsində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykenslə vida görüşü keçirilib
Поделиться:
23 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüş keçirilib.
Qonaqları salamlayan Bahar Muradova UNİCEF-lə Azərbaycan, o cümlədən Komitənin əlaqələrindən söz açıb, əməkdaşlıq layihələrini qeyd edib.
A.Haykensin Azərbaycana gəldiyi vaxtın çətin bir dönəm olduğunu söyləyən sədr əlavə edib ki, bu müddət ərzində baş verən proseslərin həm şahidi, həm iştirakçısı olduq: “Biz bizdən öncəki sələflərimizin qoyduğu bünövrə üzrə, amma dövrün sürətinə uyğun çox inamlı bir yol keçdik, prosesin həm özündə, həm də nəticələrində iştirak etdik”. Sözügedən dövrün həm UNİCEF, həm də Komitə üçün ciddi bir sınaq olduğunu qeyd edən sədr, əldə edilən nəticələri müsbət qiymətləndirib.
Fəaliyyət istiqamətlərinin bir neçə ciddi əsaslara söykəndiyini dilə gətirən B.Muradova həm qanunvericilik və icra mərhələsində, həm də səmərəli və effektiv mexanizmlərin tapılması və inkişafında, eyni zamanda nəticələrin monitorinqi proseslərində UNİCEF-lə birgə iş aparıldığını, xüsusilə də hərbi münaqişə və pandemiya dövründə çətin vəziyyətə düşən uşaqlarla bağlı psixososial dəstək istiqamətində uğurlu əməkdaşlıq edildiyini vurğulayıb.
Uşaq siyasəti istiqamətində ən vacib sənədlərdən olan “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində öhdəliklərin birgə yerinə yetirildiyini diqqətə çatdırıb. Həmçinin UNİCEF-in dəstəyi ilə hazırlanan “Erkən uşaqlıq dövründə inkişaf üzrə yol xəritəsi və Fəaliyyət Planı sənəd layihəsinə diqqət çəkən B.Muradova qeyd edib ki, sənəd hazırda ümumiləşdirilərək aidiyyəti quruma göndərilib: “Hər iki tərəf bu istiqmətdə səyləri artırmalıdır ki, əməkdaşlıq yüksələn xəttlə inkişaf etsin”.
Səmimi qəbula görə təşəkkürünü bildirən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens, 2 illik fəaliyyəti dövründə Komitə ilə birgə həyata keçirilən vacib tədbirləri, genişmiqyaslı layihələri xatırladaraq, bu müddət ərzində görülən bütün işlərin mühüm nəticələr verdiyini qeyd edib. O, fəaliyyətinin Azərabaycan üçün əlamətdar bir dövrə- torpaqlarını geri qaytardığı vacib bir məqama təsadüf etməsini xüsusi diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyasının vacibliyinə diqqət çəkən A.Haykens adıçəkilən sənəddən irəli gələrək həyata keçirilən tədbirlərə bundan sonar da müvafiq dəstəyin verilməsində maraqlı olduqlarını bildirib. O, BMT-nin Uşaq Hüquqları Komitəsinin Cenevrə şəhərində keçirilmiş sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi barədə müsbət fikirlərini bölüşüb, həmçinin Uşaq Qaynar Xəttinin fəaliyyətini yüksək qiymətləndirib.
Sonda Azərbaycandakı fəaliyyətindən məmnunluq duyduğunu və bu illərin onun həyatına zənginlik gətirən təcrübə olduğunu vurğulayıb.
B. Muradova Komitənin hər zaman olduğu kimi gələcək layihələrdə də UNİCEF ilə əməkdaşlığa xüsusi əhəmiyyət verəcəyini və bu əməkdaşlığın davamlı olacağını qeyd edib. O, bir daha cənab A.Haykensin Azərbaycanda həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdakı dövr üçün prioritet istiqamətlər haqqında faydalı fikir mübadiləsi ilə davam edib.
Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.