Bahar Muradova nağıl günləri çərçivəsində Bakıya dəvət olunmuş türkiyəli qonaqlarla görüşüb
Поделиться:
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Göydən üç alma düşdü” adlı nağıl günləri çərçivəsində Türkiyədən dəvət olunmuş Bursa bələdiyyə nümayəndələri və nağılçılarla görüşüb.
Qonaqları salamlayan Bahar Muradova, ölkələrimiz arasında qədim tarixi köklərə malik dostluq-qardaşlıq münasibətlərindən danışıb. O, Türkiyə ilə müvafiq sahədə ikitərəfli əməkdaşlıq məqsədilə imzalanmış sənədlərə, qəbul edilmiş Fəaliyyət Planına əsasən həyata keçirilən tərbirlərdən söz açıb. Sədr, bu gündən başlayan nağıl günlərinin də digər layihələr kimi uğurla başa çatacağına, uşaqların həqiqətən də nağıl aləminə səyahət edəcəyinə inamını ifadə edib.
Nümayəndə heyəti adından çıxış edən Bursa bələdiyyəsinin nümayəndəsi Bilal Canpolat, Bakıda olmaqdan, bu layihədə iştirakdan məmnunluq ifadə edərək, dəvətə görə təşəkkürünü bildirib. O, daha öncə Bursada keçirilən nağıl günlərində də Azərbaycanın fəal iştirak etdiyini vurğulayıb, bu günlərin maraqlı keçməsi üçün bütün heyətin əlindən gələni edəcəyini bildirib.
Daha sonra yazıçı Hilal Koçyiğit müəllifi olduğu hekayə kitablarını Bahar Muradovaya təqdim edib.
Görüşdə Bursa bələdiyyə nümayəndələri Coşkun Dağdeler, Bilal Canpolat, Huri Çətin və nağılçılar Ertuğrul Bozkurt, Hilal Koçyiğit, musiqiçilər Taner Baba, Tahir Ayne iştirak ediblər.
Qeyd edək ki, ilk dəfə musiqi müşayiəti ilə təşkil olunan nağıl günləri 23 iyun tarixinədək, hər gün saat 18:30-da, Xətai rayonu Heydər Əliyev parkında keçiriləcək. Tədbirə giriş sərbəstdir.