Novruz bayramı bölgələrdə də qeyd edilir

17 марта 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab, Saatlı, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Novruz bayramı münasibətilə həssas təbəqədən olan ailələrin uşaqlarının və mərkəz benefisiarlarının iştirakı ilə müxtəlif formatlı tədbirlər həyata keçirilib, həmçinin UADM əməkdaşları tərəfindən ailələrə səfərlər təşkil olunub.

Tədbirlərdə mərkəz əməkdaşları Novruzun əsas rəmzləri olan Kosa, Keçəl və Bahar qızı tərəfindən iştirakçılara xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib. Bildirilib ki, varlığın yenidən canlanmasını müjdələyən Novruz, sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır. Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi uşaqların diqqətinə çatdırılıb.

Musiqili-əyləncəli proqramlarla davam edən şənliklərdə uşaqların ifasında müxtəlif səhnəciklər və milli rəqslər nümayiş etdirilib.

Şənliklərdə Novruza aid adət-ənənələri özündə ehtiva edən əyləncəli milli oyunlar, xonçaların hazırlanması, şəkərbura üzərinə naxışvurma, tonqal ətrafında “Yallı” rəqsinin ifası tədbirlərə xüsusi rəngarənglik və şən əhval-ruhiyyə qatıb.

Tədbirlərin sonunda uşaqlara hədiyyələr təqdim edilib.