2015-ci ildə 8 MART Beynəlxalq Qadınlar günü münasibətilə Keçirilmiş tədbirdə xanım Hicran Hüseynovanın ÇIXIŞI
Поделиться:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xanımlarımızı təbrik etdiyinə, xoş sözlərinə və səmimi arzularına görə təşəkkür edirik. Ölkə rəhbərinin bu günlə bağlı biz – qadınlara unvanlanan müraciəti dövlət qayğısının və diqqətinin ən gözəl ifadəsidir. Çox az ölkə tapılar ki, orada dövlət başçısı qadınları təkcə 8 Martda deyil, peşə bayramlarında da, yubileylərində də yüksək mükafat və fəxri adlarla təltif etsin.
Ölkə və eləcə də dünya tarixində yer tutan ədəbiyyat, mədəniyyət, elm və ictimai xadim olan qadınlarımızın fəaliyyəti həmişə dövlət səviyyəsində qeyd olunur. Biz bu diqqətə görə Prezidentimizə bir daha minnətdarlığımızı bildiririk. Və Müqəddəs Novruz bayramı ərəfəsində ona can sağlığı, yorulmaz və şərəfli fəaliyyətində uğurlar arzulayırıq.
Hörmətli xanımlar və cənablar,
Dəyərli qonaqlar,
Bu gün burada respublikanın tanınmış xanımları, dövlət nümayəndələri əyləşiblər. Mən də öz növbəmdə, bu tədbirdə iştirak edən, ümumiyyətlə, ölkənin bütün qadınlarını 8 Mart Beynəlxaq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edir, onların hər birinə uzun ömür, can sağlığı, ailə səadəti, xoşbəxtlik və fəaliyyət göstərdikləri sahələrdə yeni-yeni uğurlar arzulayıram. İnsan o zaman bayram əhvalında olur ki, o ətrafına baxıb fərəhlənir, qürur hissi keçirir.
Bu gün Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş vermişdir. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Ölkəmizin iqtisadi və siyasi inkişafı Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb istiqamətlərdə də uğur qazanmağı bacarırlar. Bu isə Azərbaycan Hökuməti və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir.
Hörmətli tədbir iştirakçıları,
Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Həmin çətin və mürəkkəb dövrdə, qaha bir mühüm beynəlxalq konvensiyaya qoşulduq.
«Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiyasına (CEDAW) qoşulmaq həmin dövr üçün böyük siyasi iradə tələb edirdi. Və Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində dövlətimiz bu Konvensiyanı ratifikasiya etdi. Azərbaycan hökuməti bununla əlaqədar dövrlərarası hesabatlar verir. Arıtq hər Hesabatdan sonra verilən tövsiyyələrin sayının az olması onu göstərir ki, Azərbaycan Hökumətinin və Dövlətin qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, onların beynəlxalq səviyyədə təmsil olunmalarını təmin etmək üçün qadınlara kişilərlə bərabər imkan və hüquqlar yaradır. Bu il Konvensiyanın V Dövri Hesabatı dinlənilmiş və BMT komitəsinin ekspertləri Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları müsbət qiymətləndirmişlər.
Bildiyiniz kimi, bu il Pekin Platformasının qəbul edilməsinin 20 illik yubileyidir. 1995-ci ildə sentyabrında BMT-nin təşəbbüsü ilə Pekində keçirilən Qadın məsələlərinə dair 4-cü Ümumdünya Konfransında qadınlarımızın iştirakı isə müasir qadın hərəkatına yeni nəfəs gətirdi. Bu tədbirə hazırlıq işləri bir il əvvəl başladı. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, Ümummilli lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma xanım Abdullazadənin sədrlik etdiyi Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunurdu. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, 20-ci əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan, ərazisinin 20%-ni itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Və bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər.
Eyni zamanda, onlar digər qadınlarımızın cəmiyyətdə fəallıq göstərmələrinə təkan vermişlər. Əfsuslar olsun ki, onlardan bəziləri bizim aramızda deyil, bəziləri üzürlü səbəbdən iştirak edə bilmir. Lakin nümayəndələrdən bir qismi buradadır. Və fürsətdən istifadə edərək, onlara o mühüm tədbirdə apardıqları səmərəli işlərinə görə təşəkkürümüzü bildirək.
Pekin Konfransdan sonra qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində müəyyən olunmuş 12 strateji istiqamət üzrə ölkəmizdə çox güclü və əsaslı tədbirlər həyata keçirilmişdir. Lakin bir sıra sahələr var ki, orada hələ də aktiv iş aparmaq, əməkdaşlıq edərək, bu istiqamətləri inkişaf etdirmək lazımdır. Və bu məsələlərə Azərbaycan Hökuməti və cənab Prezident İlham Əliyev xüsusi diqqət yetirir. Əminliklə demək olar ki, respublikada gender siyasəti uğurla həyata keçirilir.
Hörmətli tədbir iştirakçıları,
Biz, Azərbaycan qadınları, dövlət qadın siyasətinin həyata keçirilməsində ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın bizə olan dəstəyini xüsusilə qeyd etmək istərdik.
Onun təşəbbüsü ilə keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına öz müsbət təsirini göstərir. Mehriban xanımın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərimizin vəziyyətinin dünya birliyinə çatıdırılmasında çox böyük xidmətləri vardır. Biz ümid edirik ki, aparılan bu mühüm iş və cənab Prezidentimizin səyləri ilə tezliklə biz torpaqlarımıza azad edəcəyik. Və gözəl bayramlarımızı doğma Qarabağımızda keçirəcəyik.
Əziz xanımlar, bacılar, analar,
Sizi bir daha bu əziz bayram münasibəti ilə ürəkdən təbrik edir, hamınıza xoş arzularımı bildirirəm. Arzum budur ki, ömrünüzün hər günü sizə sevinc, şadlıq gətirsin.
Diqqətinizə görə sağ olun!