Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki Komissiyasının görüşü keçirilib
Поделиться:
16 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki Komissiyasının görüşü keçirilib.
Görüşdə İctimai şuraya seçkilərin təşkili, şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və seçki gününün təyin edilməsi məsələləri müzakirə edilib.
Dövlət Komitəsinin sədr müavini, Seçki Komissiyasının sədri Sədaqət Qəhrəmanova Komissiya üzvlərini salamlayaraq, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Bildirilib ki, 7 fevral - 10 mart 2023-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı elan edilib və ictimai fəallar tərəfindən müraciətlər daxil olub. Sənədlər yoxlanılaraq qəbul olunub və Seçki komissiyasının üzvlərinə təqdim edilib.
Daha sonra Komissiya üzvləri çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Görüş çərçivəsində Seçki Komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 11 nəfərdən ibarət tərkibdə müəyyən edilib.
Görüşün yekununda İctimai şuraya seçki gününün 19 aprel 2023-cü il tarixinə təyin edilməsi qərara alınıb.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 39 nəfərin namizədliyi təsdiq edilib.
Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün NAMİZƏDLƏRİN SİYAHISI