“Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib
Поделиться:
3 mart 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda giriş nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Liderin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin dərindən öyrənilməsi, Heydər Əliyev irsinin və ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə il ərzində ölkə ərazisində və respublikamızın hüdudlarından kənarda çoxsaylı tədbirlər keçiriləcəkdir.
Tahir Budaqov vurğulayıb ki, Ulu Öndərin siyasi mirası olan, onun ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən və tarixi nailiyyətlər qazanaraq ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir: “Azərbaycanın bütün uğurlarında Ulu Öndərin imzası, irsi və ideyaları öz əksini tapmışdır. Heydər Əliyev məqsədyönlü və uzaqgörən siyasət həyata keçirməklə bütün sahələrdə parlaq nailiyyətlərin qazanılmasını təmin edərək yeni Azərbaycan reallığını və ölkəmizin parlaq gələcəyinin etibarlı bünövrəsini yaratmışdır”.
O, qeyd edib ki, bugünkü tədbir Ümummilli Liderin irsində plüralizmə və bərabər imkanlara, ədalət prinsipinə və demokratik dəyərlərə söykənən dövlət quruculuğu, o cümlədən müasir siyasi sistemin formalaşdırılması məsələlərinə nəzər salınması baxımından mühüm önəm daşıyır: “Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi olan gender siyasəti də plüralizm və bərabərliyin təmin olunmasına, ictimai-siyasi münasibətlərin və siyasi sistemin inkişafına əhəmiyyətli töhfə olmuş, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması idarəetmənin təkmilləşdirilməsi baxımından böyük önəm kəsb etmişdir”.
O, qeyd edib ki, Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunda dövlətçiliyin gücləndirilməsi mühüm prioritetlərdəndir. Qeyd edilib ki, Prezident İlham Əliyevin milli maraqlara, modern çağırışlara və qlobal tendensiyalara adekvat islahatlar proqramı bərabər imkanlara və plüralizmə əsaslanan siyasi sistemin təkmilləşməsinə, dialoq prosesinin dərinləşdirilməsinə, çoxpartiyalı siyasi sistemin inkişafına xidmət edir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Bərabər inkişaf siyasəti: tarixi ənənələr və müasir çağırışlar” mövzusunda çıxış edərək, Azərbaycanın yetirdiyi ən böyük dühalardan biri kimi milyonlarla insanın ehtiramla xatırladığı böyük şəxsiyyət Heydər Əliyevin insanlığın yaddaşında hər zaman özünəməxsus yeri olacağını bildirib.
Ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini vurğulayan Komitə sədri, Heydər Əliyevin xalqımızın əsrlər boyu formalaşan milli dəyərləri, ictimai-siyasi şüuru və dövlətçilik təfəkkürü üzərində optimal dövlət modeli qurduğunu, bununla yanaşı tarixin sınağından məharətlə çıxarmağı bacaran bir xilaskar olduğunu qeyd edib.
O, bildirib ki, Heydər Əliyevin siyasi iradəsi və əzmi müstəqilliyimizin qorunub saxlanmasında müstəsna amil olmuşdusa, xalq – iqtidar – ordu birliyinin gücünə istinad edən ölkə Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi bənzərsiz sərkərdəlik məharəti Ulu öndərin vəsiyyətinə əməl olunmasında – ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində həlledici faktora çevrildi.
Demokratiya və bərabər imkanlar şəraitində bərabər inkişafa nail olmağın qarşıda əsas hədəf kimi dayandığını vurğulayan B.Muradova, bunun Ulu öndərin tarixi estafetlə ötürdüyü siyasi və ideoloji xəttin müasir çağırışlar fonunda Prezident İlham Əliyevin mükəmməl baxışlar sisteminin əsasını təşkil etməsi ilə bağlı olduğunu bildirib.
Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının qanunvericilikdə və real həyatda əksini tapmasının demokratik vətəndaş cəmiyyəti quruculuğunun əsas atributu sayıldığını qeyd edən sədr, bu səbəbdən də konstitusiya və qanunların müəyyən etdiyi hüquqi çərçivələrdə bərabər imkanların bərabər inkişafa dönüşməsi üçün qarşımızda bir sıra hədəflərin dayandığını əlavə edib. Qeyd edilib ki, ölkə prezidentinin ötən il təsdiqlədiyi “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədi yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün təbəqələrinin sosial rifahı mühüm amil olmaqla, əhali qruplarının səmərəli məşğulluğunu, layiqli əməyə nail olmanı hədəfləyir.
Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanların səfərbər edilməsi üçün son 20 ilin ən parlaq və uğurlu dövlət başçılarından biri kimi İlham Əliyevin Azərbaycana rəhbərliyi böyük üstünlükdür və səfərbərlik işinin əsas təminatıdır: ”Çünki o, ənənə və müasirliyin vəhdətinə əsaslanan siyasi varisliyə üstünlük verərək ölkədə vətəndaş birliyini və siyasi həmrəyliyi əldə etməyin bir çox ölkələrdə arzulanan, amma reallaşdırılması mümkünsüz olan optimal həllinə nail olmuşdur”.
Müasir Azərbaycan cəmiyyətində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən Komitə sədri, YAP-ın yenilənmiş formatda proqramlar, layihələr sayəsində əhali və icmaya yönəlik fəaliyyətləri, ictimai və siyasi təşkilatlarla konstruktiv dialoqa və əməkdaşlığa üstünlük verən müasir yanaşmalar sərgilədiyini bildirib.
O, çıxışının sonunda “Bu gün Konstitusiya və əlaqəli qanunların eləcə də beynəlxalq konvensiyaların şərtlərinə uyğun olaraq hər bir vətəndaş ölkə həyatında bərabər iştirak, təmsilçilik və məsuliyyətə əsaslanan bir şəraitin vacib halqası olduğunu dərk edirək, hərtəfəfli inkişafa töhfə verməli olduğunu qəbul edir”-deyə bildirib.
“Yeni Azərbaycan: dövlət idarəçilik sistemində Heydər Əliyev nümunəsi” mövzusunda çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov sosial yaşamın bütün sahələrində idarəetmədən bəhs edərək, dövlət idarəçiliyinin xüsusilə vacib bir problem olduğunu diqqətə çatdırıb. O, uğurlu dövlət idarəçiliyinin bir sıra vacib amillərinə nəzər salaraq, Ulu öndər Heydər Əliyevin dahiyanə rəhbərlik fəaliyyətinin nümunəsində uğurlu idarəetməni şərtləndirən faktorları qeyd edib.
Ə. Həsənov, SSRİ dövründə Heydər Əliyevin hakimiyyətə gəlməzdən öncə Azərbaycandakı vəziyyəti təhlil edərək, onun rəhbərliyi dönəmində ölkədə baş verən sosial və iqtisadi inkişafdan söz açıb, onun SSRİ miqyasında öz idarəçilik brendini yaratdığını bildirib. Əlavə edib ki, Ulu öndər yenidən hakimiyyətə gəldiyi zaman böhran yaşayan ölkəmizdə baş verən siyasi xaos və iqtisadi geriliyi öz misilsiz bacarıqları sayəsində qısa zamanda aradan qaldıra bildi, Azərbaycanın dünyaya inteqrasiyasının təməlini qoydu. Qeyd edib ki, bu gün bu siyasi irs cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, 44 günlük Vətən müharibəsində böyük qələbənin qazanılmasında bu yüksək idarəçilik bacarıqlarının rolu danılmazdır.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Müasir Azərbaycanın siyasi sisteminin əsas prinsipləri” mövzusunda çıxış edərək bildirib ki, cəmiyyətin və dövlətin inkişafı siyasi sistemlə, onun xarakteri, prinsipləri və funksiyaları ilə sıx bağlıdır.
Komitə sədri bildirib ki, Heydər Əliyevin apardığı siyasət etnik mənsubiyyəti və dini baxışlarından asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəkləndi və onlar müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etdilər. Qeyd edilib ki, ölkəmizin siyasi sisteminin demokratik xarakter daşıması xarici siyasətdə də öz təsirini göstərdi, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi kimi prinsiplər əsasında quruldu.
“Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsi” mövzusunda çıxış edən tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, ulu öndər Hеydər Əliyеvin müdrik dövlət xadimi, Аzərbаycаn dövlətçiliyini möhkəmləndirən və inkişаf еtdirən qüdrətli şəхsiyyət kimi həyаtı və fəаliyyəti Аzərbаycаn tаriхində mühüm mərhələni təşkil еdir.
İradə Hüseynova vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət dövlətçiliyin əsaslarını gücləndirir, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır: “Bu gün biz fəxarət hissi ilə qeyd edirik ki, Azərbaycan dövlətçiliyinin keşiyində duran, ölkəmizin ərazi bütövlüyünü təmin edən, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran, Heydər Əliyevin müdrik siyasi kursunu yüksək səviyyədə həyata keçirən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşmişik! Nə qədər ki Heydər Əliyev ideyaları yaşayır, müstəqil Azərbaycan dövləti yaşayır, inkişaf edir, daha da möhkəmlənir”.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda çıxış edərək bildirib ki, 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə bugünkü müasir Azərbaycan dövlətinin dünyadakı yerinin müqayisəsi Ulu Öndərin misilsiz xidmətlərinin miqyasını aydın görmək imkanı yaradır. Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla yanaşı, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusudur.
Aygün Əliyeva qeyd edib ki, yüksək inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli fəaliyyət göstərir, inkişaf edir. Belə bir şəraiti dövlət vasitəsilə cəmiyyətin özü yaradır. Hazırda Azərbaycan vətəndaş cəmiyyəti institutları müstəqilliyimizin ilk illərində olduğu kimi dövlət qurumları ilə əməkdaşlıq etməkdə çətinlik çəkmirlər, əksinə onların ən güclü, ən yaxın partnyoru məhz dövlət qurumlarıdır.