Narkomaniya ilə mübarizə sahəsində maarifləndirici işlər davam etdirilir

10 февраля 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq narkomaniyanın zərərləri haqqında əhali arasında məlumatlılığın artırılması, yeniyetmə və gənclərin, eləcə də valideynlərin, müəllimlərin maarifləndirilməsi məqsədilə təhsil müəssisələrində maarifləndirici işlər davam etdirilir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, Komitənin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Göygöl, Goranboy, İsmayıllı, Qəbələ, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə aidiyyəti qurumlarla birlikdə məktəblərdə maarifləndirici görüşlər keçirilib, uşaqlarla narkomaniyanın fəsadları ilə bağlı söhbət aparılıb, idman yarışları təşkil edilib.

Görüşlərdə qeyd edilib ki, narkomaniya bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyidir və onun qarşısını almaq dövlətin və cəmiyyətin əsas vəzifələrindən biridir. Mərkəzlərin əməkdaşları ilə yanaşı, maarifləndirici görüşlərdə çıxış edən mütəxəssislər də narkotik vasitələrdən, psixotrop maddələrdən istifadənin çox təhlükəli nəticələrə və bədbəxt hadisələrə gətirib çıxara biləcəyini xüsusi vurğulayıblar.

Görüşlər zamanı sağlam həyat tərzinin əhəmiyyətini nəzərə alaraq şagirdlərə asudə vaxtlarını səmərəli təşkil etmək, idmanla məşğul olmaq, daha çox mütaliəyə zaman ayırmaq tövsiyə edilib.

Tədbirlərdə mövzu ilə bağlı təqdimat və filmlər nümayiş etdirilib, “Narkotiklər, yoxsa həyat” adlı maarifləndirici yaddaş vərəqələri paylanılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirici tədbirlərdən ümumilikdə 945 nəfər faydalanıb.