"Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində növbəti görüş keçirilib

3 февраля 2023

Поделиться:

2 fevral - Gənclər Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə həyata keçirdiyi “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində tələbə qızlar ilə görüş baş tutub.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndələri və layihə çərçivəsində təqaüd proqramına cəlb olunan yüksək akademik göstəricilərə malik tələbə qızlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq gənc qızları Gənclər Günü münasibətilə təbrik edib. E.Nəsibov çıxışı zamanı savadlı və bacarıqlı gənclərin dəstəklənməsinin Fond üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib və bu işdə tərəfdaş qurumlar ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova layihənin “Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin 100 illiyi” tədbirləri çərçivəsində formalaşması və onun ənənəsini davam etdirmək məqsədi daşıması barədə məlumat verib.

Tədbir Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, ATİAHİ (Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, üzvləri Pərvanə Məmmədova və Məleykə Əlizadənin çıxışları ilə davam edib.

Görüşün yekununda tələbə qızlar təhsildəki uğurları, gözləntiləri və gələcək planlarını tədbir iştirakçıları ilə bölüşüblər, göstərilən qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.