“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”

10 декабря 2016

Поделиться:

Azərbaycan Respublikası Prezidentinin 3043 nömrəli, 15.09.2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)”- 3.5.2.3.2 (erkən nikah hallarının azaldılması məqsədilə mövcud qanunvericiliyin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılması) bəndinin icrasını təmin etmək məqsədilə dekabrın 9-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 187 nömrəli məktəbdə müəllim, şagird və valideynlərin iştirakı ilə təlim seminar keçirilib.

            Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin nümayəndələri Vəfa Ələkbərova və Tural Hüseynzadə, Sabunçu rayon İcra Hakimiyyətinin məsləhətçi-psixoloqu Ramilə Quliyeva və müstəqil ekspert həkim-pediatr Almaz Ələkbərova iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəb müdiri Nailə Məmmədova açaraq, tədbir iştirakçılarını salamlayıb və çıxışında mövzunun aktuallığını xüsusi qeyd edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin məsləhətçisi Tural Hüseynzadə erkən nikahlara dair qanunvericilikdə nəzərdə tutulmuş müddəalarla bağlı təlim keçərək mövzu ətrafında müzakirələr aparıb.

Mövzu ilə bağlı film, sosial çarx nümayiş edilib, “Erkən nikah və qanunvericilik” adlı bukletlər paylanılıb və seminar iştirakçılarının fikirləri dinlənilib.

Daha sonra Sabunçu rayon İcra Hakimiyyətinin məsləhətçi-psixoloqu Ramilə Quliyeva rayon üzrə erkən nikahlarla bağlı müraciətlərdən və problemlərdən bəhs edib.

Müstəqil ekspert həkim-pediatr Almaz Ələkbərova erkən yaşda nikaha daxil olan qızların üzləşdiyi fizioloji problemlər haqqında ətraflı məlumat verib. Erkən nikah nəticəsində dünyaya gəlmiş körpələrin sağlamlığında yarandığı fəsadlardan və bunun sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükədən, cəmiyyətin məlumatlı olması üçün bu istiqamətdə maarifləndirilməyin vacibliyindən danışıb.

Seminarda eyni zamanda məktəbdə təhsil alan şagirdlərin ifasında Azərbaycanın tanınmış yazıçı və şairlərinin əsərlərindən kompozisiyalar səsləndirilib və mövzu ilə bağlı bir neçə səhnəcik göstərilib.