Dövlət Komitəsinin könüllüləri ilə növbəti görüş keçirilib
Поделиться:
12 oktyabr 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin növbəti könüllülük proqramının iştirakçıları ilə “Məişət zorakılığına YOX deyək!” layihəsi çərçivəsində görüşlər keçirilib. 10-dan çox ali təhsil müəssisəsini təmsil edən gənclərlə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Səmra Əliyeva çıxış edərək, könüllülərə məişət zorakılığı və növləri, zorakılıq qurbanları ilə aparılmalı olan işlər, müdafiə mexanizmləri, eyni zamanda ölkəmizdə məişət zorakılığı ilə mübarizə istiqamətində mövcud qanunvericilik aktları barədə məlumat veriblər.
Görüşlərdə “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimat, “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Affekt” filmi və mövzu ilə bağlı məlumatlandırma posterləri könüllülərə nümayiş edilib və mövzu ətrafında müzakirələr aparılıb.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.6-cı “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil və peşə təhsili müəssisələrində mühazirə və seminarların təşkili” bəndinə uyğun olaraq həyata keçirilən tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.