Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda qadın sahibkarlığının inkişafına” həsr edilmiş Açıq Qapı Vətəndaş Forumu keçirildi
Поделиться:
Dekabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vətəndaşlar üçün “Azərbaycanda qadın sahibkarlığının inkişafına” həsr edilmiş “Açıq Qapı Günü” Vətəndaş Forumu keçirib.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq keçirilən açıq qapı günü vətəndaşları maraqlandıran sualların müzakirəsini təşkil etmək, ictimaiyyəti geniş və dolğun informasiya ilə təmin etmək məqsədilə təşkil edilib.
Tədbirdə ölkəmizdə sahibkarlıq üzrə fəaliyyət göstərən qadınlar, eyni zamanda qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Forumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova açıq elan edərək bildirib ki, Komitənin yaranmasına gedən yol 90-cı illərdən başlayır. “Müasir dövrdə cəmiyyətdə Azərbaycan qadınının fəal iştirakının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda qadın hərəkatı yeni vüsət alıb, dünya qadın hərəkatının bir qolu olan Azərbaycan Qadınlar Şurası özünün yerli bölmələri ilə birlikdə, qadın problemləri və hüquqları sahəsində aparılan mübarizənin ön cərgələrində dururdu”. Komitə sədri diqqətə çatdırıb ki, gender siyasətinin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Eyni zamanda, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra qanunlar qəbul olunub. Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun mövcudluğu olmuşdur. Komitə sədri bildirib ki, 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradır. Diqqətə çatdırıb ki, qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür.
Dövlət komitəsinin sədri bildirib ki, zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini və inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. H.Hüseynova dedi: “Biz hər zaman dövlətimizin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyini və diqqətini hiss edirik”.
O, həmçinin qeyd edib ki, qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə təsbit olunub. Onun sözlərinə görə, qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya (CEDAW) qoşulması ilə əlaqədar Azərbaycan hökuməti mütəmadi hesabatlar verir. Qeyd edib ki, qadınlarin ictimai-siyasi fəallığı da artmaqdadır və hazırda minlərlə qadın müxtəlif qeyri-hökumət təşkilatların rəhbərləri, ictimai-siyasi partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir.
Daha sonra ölkəmizdə qadın sahibkarlığının inkişafı istiqamətində görülən mühüm işlərdən bəhs edən Komitə sədri bildirib ki, dövlət qadınların iqtisadi çətinliklərinin aradan qaldırılması məsələsini daim nəzarətdə saxlayır. “Əvvəllər sahibkar qadın deyəndə yada ancaq kənd təsərrüfatı ilə məşğul olan, yaxud dərziçilik edən, çörək bişirən düşürdü. İndi isə qadınlar arasında sahibkarlığın əhatə dairəsi xeyli dərəcədə genişlənib. İndi qadınlarımız hansısa özəl təşkilatların, tikinti şirkətlərinin, ticarət mərkəzlərinin, tibb və təhsil ocaqlarının rəhbərləridirlər”. Hicran Hüseynova qadınların sahibkarlığa cəlb edilməsi üçün maarifləndirmə məqsədilə keçirilən təlimlərin, treninqlərin vacibliyini diqqətə çatdıraraq bildirib ki, xüsusən də kənd yerlərində qadın sahibkarlığının inkişafı üçün işlər aparılır. Komitə sədri bu istiqamətdə uğurlar əldə etmək üçün həm də qadınları psixoloji cəhətdən hazırlıqlı etmək, onlara riskləri əvvəldən proqrozlaşdırmaq, analitik təhlil aparmaq qabiliyyəti aşılamağın lazımlı amillərdən olmasının qeyd edib.
Daha sonra söz Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyevaya verilib. Təqdimatla çıxış edən Jalə Hacıyeva. bildirib ki, rayon yerlərində qadınların sahibkarlığa cəlb edilməsi ilk növbədə onların gündəlik işlərinə biznes mənbəyi kimi yanaşmalarından başlayır. “Biz öz növbəmizdə qadınların iqtisadi sahədə məlumatlaara yiyələnməsini təmin etmək üçün çox sayda tədbirlər təşkil edirik. Bunlardan biri “Maliyyə savadlılığı” təlimidir. Assosiasiya tərəfindən 4 rayon üzrə 22 təlim keçirilmişdir. Həmçinin “Gələcəyini planlaşdır” adlı digər təlim və seminarlarımız da sırf qadınların öz bizneslərini, öz işlərini qurmaları üçün maarifləndirmə xarakterli olmuşdur”.
Daha sonra “İşgüzar Qadınlar İnkişaf Naminə” İctimai Birliyinin rəhbəri Sürayə İsmayılova çıxışı zamanı rəhbərlik etdiyi qurumun gördüyü işlərdən söz açaraq ölkəmizdə sahibkarlığın inkişaf istiqamətlərini qeyd edib. O eyni zamanda bildirib ki, iqtisadiyyatımızın tərəqqisi bizim özümüzdən asılıdır.
Forum çərçivəsində çıxış edən “Memar SS” Şirkətinin rəhbəri Sayalı Səfərova “Reklam haqqında” Qanunun əsas müddəalarını diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə azad bazar mövcuddur. O, reklamın qanunvericilik tərəfindən tənzimlənməsinin iqtisadi imkanlara şərait yaratmasını qeyd edib.
Daha sonra “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin rəhbəri Venera Əsgərova daha çox bir sahibkar kimi öz təcrübəsindən bəhs edərək sahibkarlığa başladığı zaman qarşılaşdığı çətinliklərdən söz açıb. O bildirib ki, biznesə başlamaq üçün insan həm əzmli olmalı, həm riskləri gözə almağı bacarmalı, həm də psixoloji cəhətdən buna hazır olmalıdır.” Mən də öz növbəmdə çalışıram ki keçdiyim çətin yolların gələcəkdə mənə nələr bəxş etdiyini gənc kadrlara başa salım, onlarla öz təcrübəmi bölüşüm”.
“Qızıl Əllər” Tədris Müəssisəsinin rəhbəri Zemfira Ağayeva da öz növbəsində Azərbaycanda qadın sahibkarlığının inkişafına edilən dəstəyi vurğulayaraq bildirib ki, qadınlar çalışmalıdırlar ki, ailə sahibkarlığı ilə məşğul olsunlar, kim hansı sahəni yaxşı bilirsə, o istiqamətdə işini qurmalıdır. O, rəhbərlik etdiyi tədris ocağının gördüyü işləri diqqətə çatdıraraq qeyd edib ki, ildə 2000-dən çox tələbə biliklərə yiyələnir. “Çalışırıq ki, gənc kadrları yeni açılan iş yerlərinə yönəldək. Eyni zamanda uşaqlar evindən, qocalar evindən qızları xalçaçılığa, dərziçiliyə, bərbərliyə cəlb edirik”.
Daha sonra söz Moda və Dizayn Mərkəzinin direktoru Fəxriyyə Xələfovaya verilib. O, milli brendlərin yaradılması və tanıdılması üçün görülməli lazım olan işlərdən bəhs edib. Öz təcrübəsini forum iştirakçıları ilə bölüşən Fəxriyyə Xələfova bildirib ki, indi bizim qadınlarımız rahat şəkildə digər ölkələrin xanım sahibkarları ilə rəqabətə girə bilirlər.
Çıxış edən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva Mərkəzin gördüyü mühüm işləri diqqətə çatdıraraq qadınların işlə təmin edilməsi məsələsini qeyd edib. O, mərkəzin qadınların məşğulluğunun artırılması, onların iqtisadi asılılığının aradan qaldırılması üçün rayon icra hakimiyyəti və digər qurumlar ilə birgə həyata keçirilən tədbirləri xüsusilə qeyd edib.
Qarşılıqlı müzakirələrlə davam edən vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, eyni zamanda onların təklifləri dinlənilib. “Qadınların Bələdiyyələrin İnkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova da çıxış edərək öz təkliflərini irəli sürüb, fikirlərini bildiriblər.