Hər kəsi səyyar infoturlara qoşulmağa dəvət edirik
Поделиться:
Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində təşkil olunan infoturlara bugündən start verilib.
9 gün davam edəcək turlar zamanı xüsusi tərtibatla dizayn edilmiş avtobusla paytaxt və regionlara səfər edilərək, ictimai məkanlarda qız övladlarının dəyəri və qızların səlahiyyətləndirilməsi mövzularında səyyar maarifləndirmənin aparılması, əhaliyə məlumatlandırıcı çap materiallarının paylanılması, maraqlı müsabiqə və interaktiv oyunların keçirilməsi nəzərdə tutulur.
Kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviqi, eyni zamanda öz potensiallarını reallaşdıra bilmələri üçün onlara bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etməkdir.
İnfoturların regionlar üzrə tarix və saatları:
Bakı: 03.10.2022, saat 12:00-16:00
Şamaxı: 04.10.2022, saat 12:00-16:00
Salyan: 05.10.2022, saat 12:00-16:00
Lənkəran: 06.10.2022, saat 12:00-16:00
Yardımlı: 07.10.2022, saat 13:00-17:00
İmişli: 08.10.2022, saat 13:00-17:00
Yevlax: 09.10.2022, saat 13:00-17:00
Şəki: 10.10.2022, saat 13:00-17:00
Xaçmaz: 11.10.2022, saat 13:00-17:00
Kampaniya Avropa İttifaqının maliyyə dəstəyi ilə UNFPA və UN Women tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və UNFPA-nın icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində təşkil edilir. Sözügedən proqramlar Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunur.