Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

6 февраля 2016

Поделиться:

Fevralın 5-də Hökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyətinə həsr olunmuş “Azərbaycanda Ailə, Qadın və Uşaq Siyasətinin İnkişafı 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib.  

Tədbirdən əvvəl Komitə rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən sərgi ilə  tanışlıqdan sonra tədbir baş tutub. Tədbirdə Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan görkəmli qadınlar, millət vəkilləri, dövlət rəsmiləri, xarici təşkilatların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, nümayəndələri və digərləri iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq məsələlərinin həllinə yönəlmişdir. Ötən 10 il ərzində şəhər və rayonlarda gender bərabərliyinin təmin edilməsi, insan alveri, narkomaniya, məişət zorakılığı, erkən nikah və selektiv abortlarla mübarizə, uşaqların təhsildən yayınması və digər sahələr üzrə digər qurumlarla birgə genişmiqyaslı məlumatlandırıcı, maarifləndirici  tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, sosial xarakterli filmlər çəkilmiş, mərkəzi və  regional televiziya kanallarında nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova hər kəsi salamlayaraq ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Komitə əməkdaşlarının yüksək mükafatla “Tərəqqi” medalı ilə təltif etməsini diqqətə çatdıraraq kollektiv adından dərin minnətdarlığını bildirib. Ailə, qadın və uşaq siyasətinin dövlətin prioritet istiqamətlərindən olduğunu qeyd edən Komitə sədri ölkə başçısının bu sahələrə olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirib.

Qadın məsələlərinin həllinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlandığını deyən Hicran Hüseynova dövlət qadın siyasətinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb: “Tarix üçün 10 il çox qısadır, amma biz keçmişdə ölkəmizin keçdiyi yola və bu sahədə Azərbaycanda əldə olunan nailiyyətlərə nəzər salaraq görürük ki, nə qədər böyük işlər həyata keçirilmişdir.  Belə ki, Komitənin 2006-cı ildə yaranmasına baxmayaraq, bu proses hələ 90-cı illərdən başlamışdır. 1993-cü ildə, ölkə tariximizin həlledici dövründə Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai-siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi  bu istiqamətlərin də  inkişafına  güclü stimul verdi.   Böyük siyasi iradə tələb edən məsələlərdən biri də  bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun  olması idi. 1998-ci ildə  Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı”.

Qadınların qərar qəbuletmədə və idarəetmədə iştirakçılığının artırılmasında qanunvericilik bazasının təkmilləşdirilməsi, qanunlara və digər hüquqi sənədlərdə xüsusi bölmələrin yaradılmasının həlledici rol oynadığını bildirən Hicran Hüseynova eyni zamanda müxtəlif illərdə keçirilən Qadın Qurultaylarının və digər beynəlxalq miqyaslı konfransların əhəmiyyətini diqqətə çatdırıb.

Ailə siyasətinin formalaşmasında və inkişafında əldə edilən nailiyyətləri tədbir iştirakçılarına çatdıran Komitə sədri bildirib: “Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial – iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilir. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi”,  “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və digər sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması istiqamətində bütün imkanları təmin edir”.

Diqqətə çatdırılıb ki, Komitənin nəzdində  fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin köməkliyi ilə 57 (əlli yeddi) mindən çox vətəndaşa psixoloji, hüquqi, tibbi yardımın alınmasında köməklik edilmişdir. Uşaq və Ailələrə Dəstək Mərkəzi, alternativ qayğı modeli olaraq,  regionlarda risk qrupuna aid olan ailə, qadın və uşaqları müxtəlif xidmətlərə yönəldir, əhali arasında müxtəlif mövzularda maarifləndirmə işləri aparılmış, “açıq qapı” məsləhətləşmələri təşkil edilmişdir.

Hicran xanım Hüseynova eyni zamanda Komitənin təşkilatçılığı ilə hər il qeyd olunan “Ailə Bayram”larının Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə, “Azərbaycan ailəsi” adlı film festivalının uğurla davam etdiyini bildirib. Uşaq hüquqlarının qorunması, onların sağlam ailələrdə böyüməsi, müasir standartlara cavab verən müəssisələrdə təhsil almasını məsələlərinin də diqqət mərkəzində olduğunu bildirən Komitə sədri uşaqların hərtərəfli inkişafı üçün görülən mühüm işlərdən, layihələrdən bəhs edərək, keçirilən Uşaq Forumları haqqında, həmçinin 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq  edilmiş “Uşaq hüquqlarının həyata  keçirilməsinə dövlət  nəzarəti Qaydası” haqqında məlumat verib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində  “Azərbaycan ailəsi Strategiyası” hazırlanır və yekunlaşmaq üzrədir. Uşaq Strategiyası hazırlanıb, təsdiq üçün  təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı  müəyyən işlərin görüldüyü qeyd olunub.

Hicran xanım Hüseynova çıxışın sonunda Komitənin fəaliyyətini hər zaman geniş şəkildə işıqlandıran media nümayəndələrinə öz təşəkkürünü bildirib.

Daha sonra söz Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimovaya verilib. Ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində əldə edilən nailiyyətlərini qeyd edən şöbə müdiri bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini vurğulayaraq Komitənin təşəbbüsü ilə qəbul edilən qanunlar və onlara edilən əlavə və dəyişikliklər haqqında məlumat verib. Erkən nikah hallarının, qadınlara və uşaqlara qarşı məişət zorakılığı hallarının qarşısının alınmasında gücü qanunvericilik bazasının olduğunu qeyd edən Taliyə İbrahimova gələcəkdə nəzərdə tutulan planları nəzərə çatdırıb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkə başçısı cənab İlham Əliyevin 1 fevral 2016-cı il tarixli sərəncamı ilə təltif edilən Komitə əməkdaşlarına “Tərəqqi” medallarını təqdim edərək onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar qazanmasını arzulayıb. Eyni zamanda Komitə ilə sıx əməkdaşlıq edən, hər zaman birgə fəaliyyət göstərən dövlət qurumlarına, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarına təşəkkür edilərək fəxri fərmanlar verilib.

Komitənin 10 ildə gördüyü işləri vurğulayaraq səmərəli fəaliyyətini qeyd edən tədbir iştirakçıları öz təbrik məktublarını Komitə sədrinə təqdim ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xüsusən də ailə dəyərlərinin, milli-mənəvi dəyələrin təbliğ və təşviqində oynadığı rolu diqqətə çataraq minnətdarlığını bildirib. Qadının güldüyü, çətinliyi olmayan cəmiyyəti ideal cəmiyyət adlandıran Mübariz Qurbanlı bildirib ki, qadınlarımız ailə dəyərlərini göz bəbəkləri kimi qoruyurlar. O, indiki vəziyyətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ifadəsində “problem” sözünün “mühafizə” sözü ilə əvəz olunmasını təklif edərək bildirib ki, siz eyni zamanda mənəvi himayədarlıqla məşğulsunuz.

Daha sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, АМЕА Fəlsəfə və Hüquq İnstitutunun “Politologiya və Siyasi Sosiologiya” şöbəsinin müdiri Rəna Mirzəzadə, BMT İnkişaf Proqramının nümayəndəsi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Ramilə Seyidova, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov və digər qonaqlar səmimi təbriklərini çatdıraraq, Komitənin fəaliyyətində daha böyük uğurlar arzulayıblar.

Təbirin sonunda  ailə, qadın və uşaq siyasətini və Komitənin 10 illik fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib və Komitənin bir qrup əməkdaşları çoxillik və səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər.

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 illik yubileyində  sədr xanım Hicran Hüseynovanın çıxışı