Azərbaycanda II Atalar Festivalı keçirildi
Поделиться:
16 iyul 2022-ci il tarixdə Şərq Bazarında II Atalar Festivalı keçirildi.Tədbirin əsas məqsədi gender stereotiplərini qırmaq və valideynlik məsuliyyətinin bərabər bölüşdürülməsinin təşviqi olub.
Festivalın ilk hissəsində valideynlər üçün uşaq təhlükəsizliyi, sağlam həyat tərzi barədə təlimlər yer alıb. Bu zaman uşaqlar üçün müxtəlif ustad dərsləri, əyləncəli oyunlar təşkil olunub. Sonra analar yoqa və meditasiya guşələrində olarkən,atalar övladları ilə bərabər vaxt keçirib, qızları ilə robotlar, oğlanları ilə qida və içkilər hazırlamaq üçün yarışıblar.
Festival çərçivəsində təşkil olunan tədbirlərdə bir daha vurğulanıb ki, ata olmaq böyük məsuliyyət tələb edən və eyni zamanda,həyatda yaşanan ən gözəl bir duyğudur. Övladının həyatında iştirak edən, ona dəstək verən və onu sevən bir ata olmaq isə əsl xoşbəxtlikdir.
Elmi araşdırmalara əsasən, atalar uşaqlarının böyüməsində aktiv iştirak etdiyi halda uşaqların davranışlarında problemlərə daha az rast gəlinir, belə uşaqlar böyüyəndə həyatda daha uğurlu fərd olurlar. Ataları ilə daha yaxın və isti münasibəti olan uşaqlarda sosiallaşma və ünsiyyət qurma bacarığı, habelə liderlik və özünə əminlik, öz gücünə inam hissləri daha yüksək səviyyədə inkişaf edir.
Festivalda, həmçinin, ilk yardım təlimi, xüsusi təlim-konsultasiya, yaradıcı-inkişaf etdirici oyun və əyləncə stendləri də olub.
Festival Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi,Uşaq Qaynar Xəttinin dəstəyi ilə, “MOMs Azerbaijan” Qadın və Uşaq İnkişaf Platforması tərəfindən həyata keçirilib.
Atalar üçün əyləncəli oyunlar maraqlı olduğu qədər də cəlbediciliyi ilə yadda qalıb.