Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Zərdab rayon ictimaiyyəti ilə görüşüb

9 февраля 2015

Поделиться:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu və  ictimaiyyətlə görüşünü davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 10-da Zərdab rayonunun Mədəniyyət Evində ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Zərdab rayon icra hakimi Lütvəli Babayev, icra hakimiyyətinin əməkdaşları, millət vəkili Jalə Əliyeva, rayon sakinləri, fəal qadınlar iştirak ediblər. Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib və abidəsi önünə gül dəstələri qoyulub.

Zərdab rayon icra hakimi Lütvəli Babayev iştirakçıları salamlayaraq rayonda aparılan abadlıq işləri, həyata keçirilən mühüm layihələr, rayonun iqtisadi-sosial vəziyyəti, məşğulluq xidmətləri, açılmış iş yerləri ümumiyyətlə, əhali və digər məsələlər haqqında ətraflı məlumat verib.Hazırda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla reallaşdığını qeyd edən icra başçısı Zərdabda da bir çox sahələrdə sürətli inkişafa nail olunduğunu, geniş quruculuq işləri aparıldığını, infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Lütvəli Babayev onu da bildirib ki, rayonda sahibkarlığın, kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, sahibkarlara, fermerlərə dəstək göstərilir.

Görüşdə çıxış edən Hicran Hüseynova birinci Dövlət Proqramından sonra Azərbaycanın keçdiyi sürətli sosial-iqtisadi inkişaf yolunu təhlil edib, qazanılan böyük uğurları konkret faktlarla diqqətə çatdırıb. Komitə sədri dünyanı bürüyən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini söyləyib, yaranan vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi üçün ölkənin bütün resurslarının səfərbər olunmasının zəruriliyini vurğulayıb. Bildirib ki, hazırda ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib.

Bu məsələyə hamının daha həssas və məsuliyyətlə yanaşmasının, sahibkarların sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradılmasının vacib olduğunu qeyd edən H.Hüseynova deyib: “Sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi, orta təbəqənin daha da gücləndirilməsi prioritet istiqamətdir. Bununla bağlı güclü qanunvericilik bazası formalaşıb. Qəbul olunan qanun və bir sıra dövlət proqramları qadınların istənilən sahədə fəaliyyət göstərməsinə imkan yaradır. Bu sənədlərdə onların məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Qadın sahibkarlığının inkişafına hər cür dəstək göstərilir, qadınlar üçün əlavə iş yerləri yaradılır. Tənha anaların, imkansız ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün onların müxtəlif sahələrdə biznesə cəlb olunması sürətləndirilir”.

Məlumat verilib ki, hazırda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir. Artıq bir neçə rayonda Qadın Resurs Mərkəzi yaradılıb. Onlarla qadın öz biznesini qurub. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də müsbət təsir edir. Ailə büdcəsində öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissini artırır. Eyni zamanda, bununla qadınlar özlərinin iqtisadi və ictimai həyatda bərabər iştiraklarını təmin etmiş olurlar. Xüsusilə, nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmalarında belə layihələr mühüm əhəmiyyətə malikdir.

Son illərdə dövlətimizin başçısının sahibkarların ehtiyaclarına xüsusi diqqəti nəticəsində, paytaxtda və regionlarda qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir. Komitə sədri Zərdab rayonunda da qadın sahibkarların inkişafı üçün geniş potensial imkanların mövcudluğunu bildirərək, bu sahədə hər bir müraciətin dəstəklənəcəyini və lazımi qayğı göstəriləcəyini diqqətə çatdırıb.

İqtisadiyyatın hər bir sahəsində qadınların təmsilçiliyinin artırılması, güzəştli kreditlərin tətbiq edilməsi, biznes layihələrin və planlarının hazırlanması məsələləri haqqında ətraflı məlumat verən Komitə sədri vətəndaşların bu yöndə olan suallarını cavablandırıb. Rayon sakinləri rayonda ailələrin sosial rifahının yaxşılaşdırılması, səhiyyə müəssisələrinin sayının artırılması, tanınmış sahibkar qadınlarla onların görüşlərinin təşkil edilməsi istiqamətində Hicran xanım Hüseynovaya müraciət edərək xahiş ediblər ki, Ailə Bayramı Zərdab rayonunda da keçirilsin.

Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək, şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafında sahibkarların qüvvəsindən səmərəli istifadə olunması kimi prioritet məsələlərdən bəhs edib.

Görüşdə vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlərin görülməsi tapşırılıb. Eyni zamanda Komitənin səlahiyyətinə daxil olmayan digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar aidiyyəti üzrə müvafiq qurumlara istiqamətləndirilib.