Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Zəngilan Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası istiqamətində “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının sədri Nizami Mönsümov iştirakçıları salamlayıb, müasir dövrümüzün ən aktual problemlərindən biri olan “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təmsil edən Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən nikahın və qohumlar arasında bağlanan nikahların fəsadları mövzusunda olan təqdimatında tədbir iştirakçılarına belə nikahların mənfi nəticələri, onların qarşısının alınmasına dair qanunvericilikdən, qəbul edilən normativ-hüquqi sənədlərdən, dövlət, xüsusilə də Komitə tərəfindən görülən işlərdən ətraflı məlumat verib. Çıxışının sonunda K.Əliyeva erkən nikah halları ilə üzləşən şəxslərə aidiyyəti qurumlara, həmçinin Gender əsaslı zorakılıqla bağlı dəstək xəttinə (860) müraciət etməyi tövsiyə edib.
Tədbirdə rayonun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Mətanət Həsənova və katibi Nərmin Hüseynzadə, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, rayon Təhsil şöbəsinin müdiri Kənan İmaməliyev, rayon Gənclər və İdman İdarəsinin rəhbəri Zakir Məmmədov, AQUPK- nin yanında İctimai Şuranın sədr müavini Rəhilə Mehdiyeva, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların profilaktiki işinin təşkili qrupunun baş inspektoru, rayon Uşaq fondunun sədri, Zəngilan rayon ümumtəhsil məktəblərin şagirdləri və psixoloqları, Zəngilan rayon 29 №li tam orta məktəbin Uşaq İctimai Birliyinin sədri, Rayon Mərkəzi Xəstəxanasının və digər idarə müəssisələrin əməkdaşları da iştirak edib.
Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı müzakirələr aparıb və onlara “Sağlam həyat naminə erkən nikaha YOX deyək!” və “Qan qohumlar arasında nikah və onun fəsadları!” adlı bukletlər paylanılıb.