Sabirabad rayonunda “Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, onlarda təhlükəsiz reproduktiv davranış vərdişlərinin formalaşdırılması istiqamətində keçirilən tədbirlərin davamı olaraq Sabirabad rayonunda yerli icra hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin yerli nümayəndəliyi ilə birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində gənc qızlar və qadınlara “Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması.” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra başçısının birinci müavini Həsən Həsənov iştirakçıları salamlayaraq, cəmiyyətimizi narahat edən problemlərdən biri kimi erkən nikahların, nikahdan kənar evliliklərin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.
Sonra Sabirabad Rayon İcra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova çıxışında erkən nikahların qızların reproduktiv sağlamlığına və psixoloji durumuna mənfi təsirini xüsusilə qeyd edərək, gənc qızları və qadınları biliyə, savada, mədəniyyətə və inkişafa üstünlük verməyə, ölkəmizdə yeniyetmə və gənclər üçün yaradılmış şəraitdən və imkanlardan hərtərəfli istifadə etməyə çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva “Ailə planlaşdırılması, Reproduktiv sağlamlıq” adlı təqdimatında Azərbaycanda əhalinin dinamik artımının və milli maraqlara cavab verən demoqrafik təhlükəsizliyin təmin olunmasının, gələcəkdə sağlam nəslin yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, ana və uşaqların sağlamlığının mühafizəsinin daha da gücləndirilməsinə, uşaq və gənclərin reproduktiv sağlamlığının təmin olunmasına dair qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə məlumat verib. K.Əliyeva tədbir iştirakçılarına ailə planlaşdırılmasının üstünlüklərindən, reproduktiv sağlamlığın qorunmasına dair ümumi tövsiyələrdən ətraflı danışıb.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova reproduktiv sağlamlığın əsas amillərindən, sağlam və arzu olunan uşaqların doğulmasının vacibliyindən iştirakçılara geniş məlumat verib.
Tədbirdə Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Komitənin nəzdində fəaliyyət göstərən Sabirabad rayonu Qadın Resurs və Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri iştirak edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.