Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

11 ноября 2016

Поделиться:

10 il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ailə, qadın, uşaq siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər və vacib layihələr həyata keçirilib. Eyni zamanda, Dövlət Komitəsi və onun nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən təkcə keçən il ərzində 3866 nəfərə sosial, psixoloji, konsultativ yardımlar edilib, 775 risk qrupundan olan ailəyə problemlərinin həlli məqsədilə səfərlər edilib. Ümumilikdə,  Dövlət Komitəsinin tabeçiliyinə verildiyi gündən bu günə qədər Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə edilmiş müraciətlərin sayı 7842 olub, onlardan 3691-i uşaq məsələləri ilə bağlı müraciətlər olub. Komitəyə ümumilikdə 28079 vətəndaş müraciət edib.

 Qurum tərəfindən həmin problemlər həll edilib, həm də digər fəaliyyətlər həyata keçirilib. Fəaliyyətə başladığı andan bu günə qədər vətəndaşlardan Cənab Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlığın bildirilməsi ilə bağlı çoxsaylı müraciətlər alırıq. Müsbət yönümlü müraciətlərdən əlavə, eyni zamanda dələduzluq və korrupsiya ilə bağlı bir çox faktlarla da rastlaşmışıq. Təkcə keçən il ərzində 27 nəfər dələduzluq, 11 nəfər pulunun aldadılaraq əlindən alınması şikayəti ilə bağlı müraciət edib. Bu kimi hadisələrdən heç kimin yaxınları və qohumları, bir sözlə, heç kəs sığortalanmayıb.

Bir daha qeyd edirik ki, Dövlət Komitəsinin keçmiş əməkdaşı Səfər İmanov 2015-ci il 1 noyabr tarixindən fəaliyyətinə xitam verilib. Fəaliyət göstərdiyi müddət ərzində onunla bağlı əmək intizamın pozulması faktları qeyydiyata alınıb və iki dəfə töhmət alıb. Bununla bağlı qeyd etmək istəyirik ki, Səfər İmanov iş yerində əmək vəzifələrin yerinə yetirilməməsi və fəaliyyətində etdiyi nöqsanlara görə komitənin kollegiya və növbədənkənar iclaslarında rəhbərlik tərəfindən dəfələrlə tənqid edilib.

Nəzərə çatdırmaq lazımdır ki, Səfər İmanov valideynlərin xəstəliyi və ölümü,  həyat yoldaşının və özünün səhhətindəki problemlərlə bağlı dəfərlərlə Komitənin rəhbərliyinə müraciət edibdir. Eyni zamanda 4 uşaq atasıdır. Onun işdən çıxarılmasının təxirə salınması da elə məhz bu kimi səbəblərdən, eləcə də humanistlik nöqteyi-nəzərdən gecikdirilirdi. İş prosesində yol verdiyi sonuncu qeyd edilən pozuntuları və nöqsanları da fəaliyyətinin dayandırılmasına əsas olub.

Qeyd etməliyik ki, sabiq Aparat rəhbəri Səfər İmanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova  pul vəsaiti təqdim edibdir. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib. Həmin vətəndaş 4 il müddətində Səfər İmanovla yaxın əlaqədə olmuşdur. Burdan sual ortaya çıxır ki, niyə 4 il ərzində E.Kərimov tərəfindən rəsmi şəkildə Komitəyə və hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə Komitə sədri Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlıqlar olmayıb. Qeyd etmək istərdik ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova Komitənin çərçivəsindən kənar kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb. Və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır.

Digər məqam isə ondan ibarətdir ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Məsələnin öz həllini tapması üçün  araşdırmaların nəticəsi gözlənilir. Hesab edirik ki, Vəkillər Kollegiyası və müvafiq təşkilatlar bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcəklər. Çünki bu, vəkillik etikasının pozulmasının və qeyri-peşəkar fəaliyyətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta vetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Bir daha nəzərinizə çatdırırıq ki, hazırda araşdırmalar davam edir. Biz əminliklə bildiririk ki, Komitə və onun sədri ünvanına deyilən ittihamlar bir böhtandır, Səfər İmanovla həmin şəxsin arasında olan məsələlər isə istintaqdan sonra bəlli olacaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini  ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtandır.

İcra baçşısının müavini təyin edilməklə bağlı Hicran Hüseynovanın əlaqəsinin olması haqqında mətbuatda yer alan məlumatlar Dövlət Komitəsi tərəfindən şər və böhtan kimi qiymətləndirilir. Bu məqamda Ulu Öndər Heydər Əliyevin 2000-ci il mart ayında imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi üzrə” Fərmanını yada salmaq istərdik. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələsi üzrə məsul şəxslər təyin olunmuşlar. Bu fərman artıq bir sıra bölgələrdə həyata keçirilib. Ulu Öndərin siyasətinə əsasən, qadın icra hakimi müavinlərinin sayı artaraq 85 nəfərə çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd etmişdir: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir.” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Komitənin sədri Hicran Hüseynova Ümummilli Lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin siyasətinə sadiqliyini bir daha təsdiqləyir və Azərbaycan xalqına şəffaf şəkildə, vicdanla xidmət göstərməyi özünə borc bilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələcəkdə də öz fəaliyyətini xalqın inkişafına, uşaqların, qadınların hüquqlarının qorunmasına istiqamətləndirəcəkdir.