“Bizim gücümüz birliyimizdədir” layihəsi çərçivəsində növbəti tədbir keçirildi
Поделиться:
Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtlarının səmərəli təşkili, tolerantlıq mədəniyyətinin təşviqi, digər millətlərin və etnik qrupların tarixi ənənələrinin və milli dəyərlərinin qorunub saxlanması, ailə və cəmiyyətdə etik davranış qaydalarına riayət olunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Komitə tərəfindən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən, 2015-ci ildə yerli icra hakimiyyətləri ilə birgə “Bizim gücümüz birliyimizdədir” adlı maarifləndirmə layihəsinə start verilmişdir. Layihə çərçivəsində tədbirlər cari ildə də davam etdirilir. 2 mart 2016-cı il tarixində “Bizim gücümüz birliyimizdədir” mövzusunda tədbir Ailə, Qadın və Uşaq Problemləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitələrinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarında və Lənkəran şəhərində yaşayan milli azlıqların və etnik qrupların nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitələrinin rəhbər işçiləri, beynəlxalq təşkilatların nümayəndələri, cənub bölgəsində fəaliyyət göstərən dini icmaların və Lənkəran şəhər ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Eyni zamanda Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı hadisələrini əks etdirən rəsm sərgisi ilə tanışlıq olub.Tədbir müxtəlif millətləri təmsil edən milli geyimli uşaqların qonaqları şeir, mahnı və rəqslərlə salamlaması ilə başlayıb.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov multikulturalizmin, tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. O qeyd edib ki, multikulturalizm ve tolerantlıq dünyada ən çox müzakirə olunan mövzulardandır. Lənkəranda bütün xalqların mədəniyyətləri mütəmadi olaraq təbliğ olunmuşdur. İcra başçısı onu da əlavə edib ki, tarixən Lənkəranda müxtəlif xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. O, ictimai-siyasi sabitliyin hökm sürdüyü ölkəmizdə tolerantlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, multikulturalizm Azərbaycanda uzun illərdən bəri ayrı-ayrı xalqların nümayəndələri arasında sülh, dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq zəminində təşəkkül tapıb. ”Əsrlər boyu ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı respublikadır”.
Komitə sədri tərəfindən diqqətə çatdırılıb ki, müstəqilliyimizi bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bu gün də müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, ölkə başçısı və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və qayğısı nəticəsində onlarla məscidlərin, kilsə və sinaqoqların və digər dini məbədlərin əsaslı şəkildə təmir olunduğunu, bərpa edilib vətəndaşların istifadəsinə verildiyini vurğulayıb.
Hər bir xalqın, millətin mövcudluğunun onun ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə bağlılığından asılı olduğunu vurğulayan Komitə sədri bildirib ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, valideynə hörmət, tolerantlıq kimi xüsusiyyətləri özündə birləşdirir. “Ölkəmizdə yüzdən çox millətin və etnik qrupun, azsaylı xalqların nümayəndələri yaşayır. 2008-ci ildən başlayaraq Komitənin keçirdiyi “Ailə bayramı”nda müxtəlif xalqların, millətlərin nümayəndələrindən olan ailələr öz milli-mədəni dəyərlərini, adət-ənənələrini nümayiş etdirirlər” deyə qeyd edən Hicran xanım Hüseynova onu da bildirib ki, “Son illər multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda keçirilir. Ölkəmizdə keçirilən I Avropa Oyunları, gələn il keçiriləcək İslam Həmrəylik Oyunları sadəcə olaraq idmançıların yarışı deyil, bu, Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi töhfədir”.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mövzu ətrafında çıxış edərək bildirib ki, bizi birləşdirən amillər ətrafında bir-birimizə dəstək verməklə həm özümüzü, həm də dövlətimizi gücləndirmiş oluruq. “Bu birlik bizim nailiyyətimizdir, onu qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir”.
Sonra Milli Məclisin deputatı Hadı Rəcəbli çıxış edərək, Azərbaycanın uğurlu inkişaf yolunu seçməsini, ölkəmizin çoxmillətli mədəniyyətə malik olmasını və bunun yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, talış xalqının mədəniyyəti Lənkəranda hərtərəfli təbliğ və təşviq olunur. Millət vəkili, eyni zamanda sosial şəbəkələrdə azsaylı xalqlara qarşı aparılan ayrı-seçkiliyin mənfi təzahürlərini qeyd edib.
Tədbir zamanı millət vəkili Elmira Axundova çıxış edərək, Azərbaycanda rusdilli xalqlara göstərilən diqqət və qayğını diqqətə çatdırıb və əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışından sonra vaxtilə ölkəmizdən köçüb gedənlər geri qayıtmağa başlayıblar. Millət vəkili çıxışının sonunda qeyd edib ki, Heydər Əliyev tərəfindən bizə miras qalan azərbaycançılıq ideologiyasını, ölkəmizdə yaşayan xalqların hüquq bərabərliyini, bu mənəvi sərvətimizi göz bəbəyi kimi qorumalı və inkişaf etdirməliyik. “Çünki gücümüz birliyimizdədir”.
Daha sonra millət vəkili Cavanşir Paşazadə, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Draqana Filipoviç, BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsinin müavini xanım Nato Alxazişvili, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadə, Lənkərandakı rus icmasının üzvü Yelena Sverçkova, Lənkəranda yaşayan talışların nümayəndəsi Kamal Hüseynov çıxış edərək, Azərbaycanda hökm sürən tolerantlığın bütün dünyaya nümunə olduğunu bildiriblər.
Tədbirin II hissəsi Lənkəran şəhərindəki Gənclər Mərkəzində davam etdirilib. Mərasimdə cənub bölgəsində yaşayan milli azlıqların nümayəndələri maraqlı konsert proqramı ilə çıxış ediblər.