Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirdi
Поделиться:
Martın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib.
Tədbirdən əvvəl Komitənin kollektivi və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan qadınlar Fəxri Xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Azərbaycanın görkəmli qadınlarının, millət vəkillərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə tədbir başlayıb. Əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri xanım Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunu səsləndirib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Azərbaycan elminin və mədəniyyətinin inkişafında, ictimai-siyasi sahədə xidmətləri olan bir qrup qadına Azərbaycan Prezidentinin təltiflərini təqdim edib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda qadınlara hər zaman xüsusi münasibət olub. Keçən il keçirilmiş parlament seçkilərində qadınlar çox fəal iştirak ediblər. “Qadınlar çalışmalıdırlar ki, parlamentdə onların sayı daha da artsın. Azərbaycanda sahibkarlıqla məşğul olan qadınlar 19,4 faizdir. Qadın böyük qüvvədir. Bunu bugünkü tədbirimizdə ağbirçəklərimizin foyedə təqdim etdiyi əl işlərindən və uşaqların rəsmlərindən ibarət sərgidə də görə bilərik”.
Hicran xanım qeyd edib ki, gender bərabəliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur. “Bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. BMT-nin 70 illik yubileyi çərçivəsində Nyu-Yorkda keçirilən Zirvə toplantısında bütün dövlətlərin ölkə rəhbərləri öz çıxışlarında bu məsələlərin nə qədər vacib olduğunu vurğuladılar.”
Komitə sədri Hicran Hüseynova ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın ailəsinə göstərdiyi qayğı ilə, eyni zamanda, həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnək olduğunu vurğulayaraq bildirib: “İlk Avropa Oyunlarına bizim Birinci xanımımız başçılıq etdi, bu da bir daha dünyaya azərbaycan qadınının yüksək intellektini və peşəkarlığını göstəmiş oldu. Mehriban xanım, ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.”
Hicran Hüseynova çıxışının sonunda bir daha Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib və öz səmimi təbriklərini çatdırıb.
Daha sonra BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident əlaqələndirisi Ercan Murat çıxış edərək Azərbaycanda qadınların inkişafı ilə bağlı bir sıra uğurların əldə edildiyini, bununla yanaşı, problemlərin də olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ölkədə hələ də erkən nikah halları müşahidə edilir. Bundan başqa, selektiv aborta qarşı mübarizə aparmalı, həmçinin ərləri tərəfindən tərk edilən qadınlar qorunmalıdırlar.
Daha sonra Milli Məclisin deputatları Aqiyə Naxçıvanlı və Hadı Rəcəbli çıxış edərək qadınlarımızı təbrik edib və Azərbaycan qadınlarının bu günə kimi əldə etdiyi uğurları sadalayıblar.
Çıxışlardan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdindəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rəhbərləri olan qadınlara səmərəli fəaliyyətlərinə görə Komitənin fəxri fərmanları və mükafatlar təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.