“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri. Erkən nikahın reproduktiv sağlamlığa mənfi təsiri” mövzusunda tədbir keçirilib

15 марта 2022

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyinin və Səhiyyə Nazrliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə keçirilən tədbirlərin davamı olaraq 14 mart 2022-ci il tarixində Lənkəran peşə liseyinin qız tələbələri üçün “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri. Erkən nikahın reproduktiv sağlamlığa mənfi təsiri” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək erkən nikah və qohumlar arasında bağlanan nikahların cəmiyyətimizi narahat edən problemlərdən biri olduğunu qeyd edib, təqdimatında belə nikahların mənfi nəticələri barədə danışıb, onların qarşısının alınmasına dair qanunvericilikdən, qəbul edilən normativ-hüquqi sənədlərdən, həmçinin Komitə tərəfindən görülən işlərdən tədbir iştirakçılarına ətraflı məlumat verib. K.Əliyeva bəzi stereotiplərin mövcud olduğunu qeyd edib, həmçinin uşaqları uşaqlığından, təhsildən, sağlamlıqdan və gələcəyə olan ümidlərindən məhrum etməməyin vacibliyini vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai- Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxışında erkən nikahın qızların sağlamlığına və psixoloji durumuna mənfi təsir göstərdiyini, arzuolunmaz hamiləliyə, ana və körpə ölümünə səbəb olduğunu, qızların reproduktiv sisteminin pozulmasına gətirib çıxardığını vurğulayaraq, yeniyetmə və gənc qızlara ailənin nə olduğunu tam anladıqdan sonra, ailə həyatına fizioloji və psixoloji cəhətdən tam hazır olduqdan sonra ailə həyatı qurmağa tövsiyə edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.