Hüquq-mühafizə orqanlarında və ədalət mühakiməsi sistemində qadınların təmsilçiliyinin artırılması istiqamətində görüş keçirilib

16 марта 2022

Поделиться:

Gənc hüquqşünas qızlar arasında hüquq-mühafizə orqanlarında xidmətə marağın artırılması məqsədilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov, Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Pərvanə Bayramova, Bakı şəhəri Nizami rayon prokurorun müavini, kiçik ədliyyə müşaviri Günay Məmmədli, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəisə Rüstəmli və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Dilarə Əfrasiyab iştirak ediblər.
Tədbir zamanı hüquq-mühafizə orqanlarında və ədalət mühakiməsi sistemində qadınların təmsilçiliyi, bu sahədə genderə həssaslığın əhəmiyyəti ilə bağlı beynəlxalq təşkilatların çağırışları və ölkəmizdə olan mövcud vəziyyət, məişət zorakılığı və uşaqlara qarşı zorakılıq halları baş verən zaman qadın müstəntiq və təhqiqatçılara ehtiyacın zəruriliyi kimi bir çox məsələlər ətrafında çıxışlar edilərək, mövzu ilə bağlı müzakirələr edilib.
Eyni zamanda prokuror müavini G.Məmmədli, müstəntiq R.Rüstəmli və bu il ölkə rəhbərinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edimiş, 40 ildən çox vəkillik fəaliyyəti ilə məşğul olan Dilarə Əfrasiyab tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüb.