Bahar Muradova "Qadın, sülh və təhlükəsizlik: Post münaqişə dövründə bərpa işlərində qadınların rolu" mövzusunda konfransda çıxış edib

31 января 2022

Поделиться:

31 yanvar 2022-ci il tarixində "Qadın, sülh və təhlükəsizlik: Post münaqişə dövründə bərpa işlərində qadınların rolu" mövzusunda konfrans keçirilib.
 
Tədbirin məqsədi bu sahədə qarşılıqlı fəaliyyət, ideya və təcrübə mübadiləsi, ən yaxşı təcrübələrin müzakirəsi üçün platforma yaratmaq və Azərbaycanda qadın, sülh və təhlükəsizlik gündəliyi üzrə fəaliyyətlərin daha geniş təşviqi üçün yeni yollar formalaşdırmaqdır.
 
BMT-nin Azərbaycan Nümayəndəliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın açılış hissəsi BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilib. Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova salamlama nitqi ilə çıxış ediblər.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mövzunun aktuallığını vurğulayaraq, Azərbaycanın münaqişə zamanı və ondan sonrakı dönəmdə qadın hüquqlarının müdafiəsini hər zaman prioritet hesab etdiyini qeyd edib. O bildirib ki, mövcud vəziyyətdə yeni standartlara, Azərbaycan tərəfindən formalaşdırılmış reallıqlara uyğun addımların atılmalıdır. Əvvəlcədən uşaq və qadın reabilitasiya mərkəzlərinin yaradılması, qadınların biznes layihələrində fəal iştirakı vacibdir: “Azərbaycan hökuməti bu məsələləri nəzərə alaraq, 2022-2026-cı illər üçün müvafiq Milli Fəaliyyət planı hazırlayır. Dövlət Komitəsi BMT-nin müvafiq strukturlarının tövsiyələrini nəzərə alaraq bu layihənin də üzərində işləyir və yaxın zamanlarda təqdim edəcək. O cümlədən bir sıra vacib sənədlərin, normativ hüquqi aktların üzərində də iş gedir.”
 
Daha sonra “Qadınların iştirakı” və “Yardım və bərpa-yenidənqurma” mövzuları üzrə 2 panel müzakirəsi təşkil olunub. Konfransda iştirak edən milli və beynəlxalq tərəfdaşlar ilə birlikdə BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi və onun dörd fəsli: İştirak, qabaqlayıcı tədbirlər, qorunma, yardım və bərpa barədə fikir mübadiləsi aparılıb.