59 il birgə ömür sürən Mahmudovlar ailəsi: “Qarşılıqlı hörmət və sevgi ailənin dayağıdır”
Поделиться:
Ailənin sağlam təməl üzərində qurulmasının, cəmiyyətin, dövlətin inkişafında rolu danılmazdır. Bu gün də ailə, vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən sayılır. Bu mənada Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli, ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən tarix boyu öz simasını itirməyib.
Mahmud kişi və ailəsi Yardımlı rayonunun ən ucqar kəndlərindən biri olan Qaraqaya kəndində yaşayır. 79 yaşlı Mahmud baba ilə 76 yaşlı xanımı Züleyxa ananın 6 oğlu və 6 qızı, 43 nəvəsi, 19 nəticəsi var.
Mahmud kişi Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib, yaşadığı Qaraqaya kəndində ixtisası üzrə müəllim və 40 ilə yaxın həmin məktəbin direktoru vəzifəsində işləyib. Uzun illər sovxozda fəhlə işləyən 12 uşaq anası, zəhmətkeş Züleyxa xanım “Qəhrəman ana” medalı ilə təltif edilib.
Hər bir ailənin xoşbəxtliyinin təməli o ailədə olan sevgiyə əsaslanır. Mahmud kişi hər zaman istər öz ailəsi, istərsə də müəllimlik fəaliyyətində qarşılıqlı sevgi və hörməti, mehriban valideyn-uşaq münasibətləri, valideyn məsuliyyəti, gənclərin ailə həyatına hazırlığı, sağlam və nümunəvi ailələrin təbliği kimi məqamları rəhbər tutub. 59 illik ömür-gün yoldaşı Züleyxa ana da həmişə bu yolda Mahmud kişiyə dəstək olub, ailədə övlad tərbiyəsinə həssaslıqla yanaşaraq onlara böyüyə hörmət, qarşılıqlı sevgi kimi dəyərləri aşılayıb.
Mahmud kişinin övladlarının çoxu ali təhsil alaraq hazırda müxtəlif vəzifələrdə çalışırlar. Bu, övladlarının gələcəyinə güzgü tutan valideynlərin aşıladığı sevginin, qayğıkeşliyin, fədakarlığın məhsulu və bundan doğan müvəffəqiyyətin, xoşbəxtliyin nəticəsidir.
Mahmud kişi və Züleyxa ana nə qədər yaşlansalar da yenə də özlərini cavan ruhda hiss edir, qurub-yaratmaq eşqi ilə yaşayaraq övladlarına arxa-dayaq olurlar, onların ailəsi bütün el-obada monolitliyi ilə örnək göstərilir.