“Karabakhmemorial.com” internet resursunun təqdimat mərasimi keçirilib
Поделиться:
Qarabağ Dirçəliş Fondu 25 noyabr 2021-ci il tarixində 44 günlük Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan mülki əhalinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakhmemorial.com” internet-resursunun təqdimatını edib. Tədbir erməni terroru nəticəsində həlak olan azyaşlıların ailə üzvlərinin iştirakı ilə keçirilib.
“Karabakh.Center” layihəsi çərçivəsində Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən yaradılan “Karabakhmemorial.com” internet-resursu Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Beynəlxalq humanitar hüquqa görə, müharibədə iştirak etməyənə qarşı silah işlədilməsi qadağan hesab edilsə də, erməni terroru nəticəsində dinc əhali həyatını itirdi, insan tələfatı ilə yanaşı, on minlərlə yaşayış və qeyri-yaşayış binasına külli miqdarda ziyan dəydi, yüzlərlə avtomobil və mindən çox təsərrüfat yararsız vəziyyətə salındı.
“Karabakhmemorial.com” layihəsində “Azyaşlı qurbanlar”, Təcavüzün mülki qurbanları”, “Erməni hücumlarının hədəfləri” bölmələri və terror nəticəsində həlak olan 12 azyaşlının hekayəsi 3 dildə yer alıb.
Xatırladaq ki, 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində 12-si uşaq olmaqla 93 nəfər həlak olub, 454 nəfər yaralanıb.