Azərbaycan nümayəndə heyətinin təcrübə mübadiləsi məqsədilə Gürcüstana təlim səfəri başa çatdı
Поделиться:
Gürcüstan və Azərbaycanın dövlət qurumları arasında qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində təcrübə mübadiləsini təşviq etmək məqsədilə 15-17 noyabr 2021-ci il tarixində Gürcüstana təlim səfəri təşkil edilib.
Təlimin ilk günü Gürcüstan Hökuməti Administrasiyasının İnsan Hüquqları Katibliyinin rəhbəri, Gender bərabərliyi üzrə Qurumlararası Komissiysının rəhbəri Niko Tatuaşvili və həmin Katibliyin digər əməkdaşları ilə görüş keçirilib. Görüşdə “İstanbul Konvensiyasının ratifikasiyası və həyata keçirilməsi istiqamətində Gürcüstan təcrübəsi: Gürcüstanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə milli mexanizmlərin icmalı və əsas çağırışlar” mövzusunda məlumat verilib.
Daha sonra Gürcüstanın Ədliyyə Nazirliyində Beynəlxalq İctimai Hüquq şöbəsinin rəhbəri vəzifəsini icra edən Ana İvanişvili ilə keçirilən görüşdə “İstanbul Konvensiyasına və digər beynəlxalq standartlara uyğun olaraq qadınlara qarşı zorakılıq və məişət zorakılığıilə bağlı qanunvericiliyin qəbulu və həyata keçirilməsi mövzusunda müzakirələr aparılıb.
Növbəti görüş Gürcüstan Parlamentinin Gender Bərabərliyi Şurasının sədri Nino Tsilosani, Şuranın üzvləri Khatia Tsilosani və Ana Maqrakvelidze, eləcə də Gürcüstan Parlamentinin Hüquq məsələləri Komitəsinin sədri, millət vəkili Mixeil Sarjveladze, həmin Komitənin üzvləri, millət vəkilləri Savalan Mirzoev və Zaur Dargəl ilə keçirilib. Görüş zamanı “Siyasət, qanunvericilik və təcrübənin icrasına nəzarət” haqqında məlumat verilib.
Təlimin ikinci günü Gürcüstan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının Gender şöbəsinin müdir əvəzi Sopio Rusetski və Gürcüstanda Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə keçirilən görüşdə zorakılıq qurbanlarının müdafiəsi üzrə proqramlar haqqında məlumat verilib.
Təlimin üçüncü günü Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının müdafiəsi və tədqiqatın keyfiyyətinin monitorinqi şöbəsində görüş keçirilib. Görüşdə Qadınlara qarşı zorakılıq və məişət zorakiliğı üzrə tədqiqat işlərinin araşdırması (xüsusilə cinsi zorakılıq və erkən nikahlar) üzrə qarşılıqlı müzakirələr aparılıb. Eyni zamanda Gürcüstan Respublikasının Baş Prokurorluğunda, Prokurorun Fəaliyyətinə nəzarət və strateji inkişaf şöbəsinin müdir müavini Londa Biçikaşvili və İnsan Hüquqları Bölməsinin rəhbəri Salom Şengeliya ilə keçirilən görüşdə qadınlara qarşı zorakılıq, məişət zorakılığı xüsusilə, cinsi zorakılıq və erkən nikah hallarının araşdırılması istiqamətində Prokurorluq Orqanlarının rolu barəsində məlumat verilib.
Təlim səfərinin son günü İnsan Alveri Qurbanlarına Dövlət Qayğısı və Yardım Agentliyinin, eyni zamanda məişət zorakılığı və insan alveri qurbanları üçün sığınacaqların əməkdaşları ilə keçirilən görüşdə zorakılıq qurbanlarının müdafiəsi üçün mövcud proqramlar, sığınacaqlarda onlara yaradılmış şərait və göstərilən xidmət növləri barəsində geniş məlumat verilib, sığınacaqların şəraitini əks etdirən fotoşəkillərdən ibarət təqdimat nümayiş etdirilib.
Səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Xarici əlaqələr və protokol xidməti şöbəsinin baş məsləhətçisi Ülkər Ömərova və Qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva təmsil olunub. Həmçinin səfərdə Azərbaycan Respublikasının İnsan Hüquqları (Ombudsman) Aparatının, Xarici İşlər və Ədliyyə nazirliklərinin, eyni zamanda Avropa Şurasının nümayəndələri də iştirak edib.