“Uşaqlar sevgi, sülh və dostluq rəmzidir!” – Avropa Şurasının uşaq hüquqlarına həsr olunmuş konfransda Azərbaycan nümayəndə heyəti çıxış etmişdir.

9 апреля 2016

Поделиться:

Bolqarıstanın paytaxtı Sofiya şəhərində 5-6 aprel 2016-cı il tarixində Avropa Şurasının Uşaq hüquqları üzrə 2016-2021-ci illər üzrə Strategiyasının qəbul olunmasına həsr olunmuş yüksək səviyyəli konfrans keçirilir. Konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın rəhbərliyi ilə Milli Məclisin üzvi Sevinc Fətəliyevanın da istirak etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransda Bolqarıstan və Maltanın prezidentləri, Avropa Şurası baş katibinin müavini, xanım Gabriela Battaini- Draqoni, Avropa Şurasına  üzv olan ölkələrin sosial siyasət və uşaq məsələlərinə məsul olan nazirləri və BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri, cənab Benjamin David Mezmur və bir çox yüksək səviyyəli  beynəlxalq təşkilatların rəhbərləri, ekspertləri iştirak edirlər.

Aynur xanım Sofiyeva yüksək səviyyəli plenar iclasda çıxışı zamanı dövlət uşaq siyasəti, son illərdə ölkəmizdə aparılan sosial islahatlar, qəbul olunmuş qanunvericilik aktları, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası   barədə məlumat vermiş, eləcə də Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər və dövlətə göstərdiyi dəstək barədə danışmışdır. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan  torpaqlarının 20%-nin işğalı nəticəsində əhalinin 1 milyondan çox qaçqın və məcburi köçkünə çevrilməsini və hüquqlarının kobudcasına pozulmasını qeyd etmişdir. Həmçinin çıxışda 400 mindən artıq qaçqın və məcburi köçkün uşaqların hüquqlarının pozulmazı, onlar üçün təhsil, səhiyyə və digər bütün imkanların yaradılması vurğulanmışdır.  Son günlər erməni silahlı qüvvələri tərəfindən növbəti hərbi təxribatlar nəticəsində cəbhənin təmas xəttində baş verən döyüşlər zamanı dinc əhalinin, eləcə də azyaşlı uşaqların yaralanması və həlak olmasını qeyd edərək, ümumilikdə ermənilərin torpaqlarımızı  işğal altında saxladığı müddətdə 192 uşağın öldürülməsi, 54 uşağın itkin düşməsi, 18 uşağın əsir götürülməsi, təkcə atəşkəs dövründə 4 uşağın öldürülməsi və 5 uşağın yaralanması barədə məlumat verilmişdir.

Sədr müavini Aynur Sofiyeva sonda Avropa Şurasının üzvi olan bütün ölkələrə və konfrans iştirakçılarına müraciət edərək, uşaqlara qarşı zorakılığın bütün formalarına son qoyulması, xüsusilə müharibə şəraitində uşaqlara qarşı edilən vəhşiliklərin dayandırılmasına, uşaqlar üçün sülh dünyasının yaradılmasına çağıraraq, “Uşaqlardan heç zaman düşmən olmaz, onlar sevgi, sülh və dostluq rəmzidir!” şüarı ilə çıxışını yekunlaşdırmışdır.

Tədbir iştirakçıları tərəfindən çıxışda olan çağırışlar müsbət qiymətləndirildi. Xarici dövlətlərin nümayəndələri tərəfindən beynəlxalq hüququn normalarına riayət edilməsi, sülhün və təhlükəsizliyin müdafiə edilməsi fundamental prinsip kimi qeyd edildi.