“Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimin açılış mərasimi keçirildi

19 октября 2021

Поделиться:

19 oktyabr  2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı  və  Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda 4 günlük təliminin açılış mərasimi keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, benefisiar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova giriş nitqi ilə çıxış edərək, bu təlimlərin media nümayəndələri üçün vacibliyini vurğulayıb. O, jurnalistlərin iştirakı ilə keçirilən bu kimi təlimlərin kütləvi informasiya vasitələrinin cəmiyyətdəki mühüm rolunu və aktual mövzu kimi məişət zorakılığı hallarının qarşısının alınmasında xidmətlərini nəzərə alaraq, davamlı xarakter almasına və müzakirələrin mütəmadi olaraq keçirilməsinə diqqət çəkib.

Azərbaycanda məişət zorakılığı halları ilə mübarizədə həyata keçirilən tədbirlər haqqında məlumat verən S. Qəhrəmanova bildirib ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmiş, eyni zamanda ötən il “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” imzalanmışdır. Yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərdiyini qeyd edən Komitə sədrinin müavini icra başçısı müavinlərinin həmin qruplara rəhbərlik etdiyini bildirib. Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində bələdiyyələrin də rolunu qeyd edən S. Qəhrəmanova yerli özünüidarəetmə orqanlarında gender komissiyalarının yaradılmasının vacibliyini bildirib və Sabunçu rayonunun pilot rayon olaraq seçildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə mexanizmin yaradılmasından sonra digər rayonlarda da tətbiq edilməsinin nəzərdə tutulduğunu bildirib.

Məişət zorakılığı ilə mübarizədə Avstriya və Litva təcrübəsinə diqqət çəkən Komitə sədrinin müavini bələdiyyələrin, eləcə də media nümayəndələrinin bu məsələdə vacib tədbirlər həyata keçirdiyini və bu təcrübənin öyrənilməsinin də əhəmiyyətli olduğunu bildirib.

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov belə vacib bir təlimin keçirilmə məkanı olaraq BDU-nu seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, BDU-nun peşəkar jurnalist kadrların yetişdirilməsində əsas ali təhsil ocağı olaraq baza rolunu oynadığını qeyd edərək, aktual məsələlərdən biri olan məişət zorakılığı hadisələrinin işıqlandırılması istiqamətində tələbələrin və jurnalistlərin bu təlimlərdən yararlanacaqlarına əminliyini ifadə edib. Prorektor bildirib ki, bu halların qarşısının alınmasında bütün cəmiyyət üzvləri fəallıq göstərməli, öz münasibətlərini bildirməlidirlər. Xüsusilə də qabaqlayıcı tədbirlərin görülməsinə diqqət yetirmək vacib məsələlərdəndir.

Çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov məişət zorakılığı mövzusununda Tvinninq layihəsinə MİA-nın da qoşulmasından məmnunluğunu ifadə edərək, bu cür layihələrin davamlı olmasının effektivliyini vurğulayıb. Cəmiyyətin məlumatlandırılması və bu mövzunun ictimaiyyətə çatdırılmasının forma və üslubunun həssaslıq tələb etdiyini qeyd edən Ə. İsmayılov bu məsələlərin şərhində media nümayəndələrinin diqqətli olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, zorakılıq hallarının qarşısının alınması istiqamətində preventiv tədbirlərin həyata keçirilməsində medianın böyük rolu olduğunu qeyd edərək, bu təlimlər sayəsində onun maarifləndirmə funksiyasına dünya təcrübəsindən irəli gələrək fərqli yanaşmanın tətbiq ediləcəyini vurğulayıb. Ə. İsmayılov bu baxımdan tvinninq layihəsinin uğurlu olacağına əminliyini bildirib.

Daha sonra Avropa İttifaqının Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totoraitis çıxış edərək, layihə haqqında ətraflı məlumatları diqqətə çatdırıb. O, zorakılıq hadisələrinə sensassiya və reytinq üçün yanaşılmasının mənfi qarşılandığını və bu kimi halların qarşısının alınmasının vacibliyini vurğulayıb. Təlimlərin jurnalistlərin məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılması məqsədini daşıdığını qeyd edən L. Totoraitis çıxışının sonunda təlimin işinə uğurlar arzu edib.

Qeyd edək ki, 19-22 oktyabr tarixlərini əhatə edən təlimlərin keçirilməsi Bakı Dövlət Universitetində avstriyalı ekspertlər Manuela Hargassner-Delpos və Mr. Thomas Hainlen tərəfindən keçirilir.