Vətən müharibəsinin birinci ildönümü münasibətilə regionlarda tədbirlər davam etdirilir
Поделиться:
27 sentyabr tarixindən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin kollektivi və könüllüləri tərəfindən fəaliyyət göstərdikləri rayonlarda müxtəlif tədbirlər keçirilir.
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarları ziyarət edilir, Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularımızın ailələrinə səfərlər edilir, onların problemləri və qayğıları ilə maraqlanılır.
Eyni zamanda 44 günlük Vətən müharibəsi ilə hərb tariximizin yeni və şanlı salnaməsini yazmış qəhrəmanlarımızın gənc nəsil arasında tanıdılması məqsədilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən gənclər və yeniyetmələr arasında vətənpərvərlik mövzusunda tədbirlər keçirilir. Növbəti tədbir 4 oktyabr - Cəbrayıl rayonunun işğaldan azad olunması günü ilə əlaqədar Goranboy, Ağdam, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Zaqatala, Zərdab rayonlarında yeniyetmə və gənclərin iştirakı ilə baş tutub.