Bərdə və Tərtər rayonlarına səfər edilib

22 сентября 2021

Поделиться:

22 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti Bərdə və Tərtər rayonlarına səfər ediblər.

Səfər zamanı Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüş təşkil edilib. Görüşdə Bərdə rayonunda qadınların səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətə başlayacaq Resurs Mərkəzi ilə bağlı məsələlər müzakirə edilib.

Daha sonra S. Qəhrəmanova və A. Frakassetti Tərtər rayonuna səfər edərək rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Müstəqim Məmmədov qonaqları salamlayaraq, onları rayonda yenidən görməkdən məmnunluğunu ifadə edib. O, müharibə zamanı Ermənistan tərəfindən edilən xain hücumlar və rayona dəymiş ziyanın aradan qaldırılması və sakinlərə dəymiş zərərin ödənilməsi ilə bağlı qonaqları məlumatlandırıb və bildirib ki, dövlət bu istiqamətdə bütün imkanları səfərbər edərək öz dəstəyini göstərib.Bərdə və Tərtər rayonlarına səfər edilib

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova göstərilən dəstəyə görə rayon İcra Hakimiyyətinin başçısına təşəkkür edib. O, qeyd edib ki, qadınların iqtisadi səlahiyyətləndirilməsi üçün atılan addımlar öz mühüm nəticələrini verməkdədir.

Alessandro Frakasseti öz çıxışında layihə çərçivəsində görülən işlər barədə qısa məlumat verib. Qeyd edilib ki, son 5 ayda 78 şəxsə psixoloji, 63 şəxsə hüquqi yardım, 95 nəfərə isə öz bizneslərini yaratmaları üçün dəstək göstərilib.

Görüş zamanı BMT-nin İnkişaf Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi, eləcə də Dövlət Komitəsi ilə birgə icra edilən "Azərbaycanın Füzuli-Horadiz, Ağcəbədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi" layihəsi çərçivəsində bu günə kimi görülmüş işlər, əldə edilmiş nailiyyətlər müzakirə olunub. Səfərin sonunda Tərtər İcma Resurs Mərkəzində layihə çərçivəsində təlim proqramını uğurla tamamlayan icra hakimiyyətinin gənc nümayəndələri ilə görüş keçirilib və onlara sertifikatlar təqdim olunub.