Bu gün yeni tədris ilinin ilk günüdür
Поделиться:
Bütün uşaqları, xüsusilə də ilk dəfə məktəbə qədəm qoyan 158 608 birincini və onların valideynlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, uğurlar diləyirik.
Pandemiya ilə əlaqədar olaraq bu dərs ili bir qədər gec başlasa da, övladını təhsil müəssisəsinə yola salan hər bir ailədə Zəfər sevinci ilə qarışan ikiqat həyəcan, coşqu hiss olunur.
Ölkə başçısı cənab İlham Əliyevin, eyni zamanda Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təhsilə diqqəti və qayğısı sayəsində dərs ili, hər il olduğu kimi bu il də yüksək standartlara cavab verən yeni məktəblərin açılması, uşaqların təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə başladı. Ümidvarıq ki, tezliklə işğaldan azad olunan torpaqlarımızda da bunların şahidi olacağıq.
Elm və texnologiyalar əsrində yetişən nəslin savadlı və vətəni, milləti üçün layiqli vətəndaşlar kimi formalaşması üçün təhsil mühümdür. Sevindirici haldır ki, cəmiyyətimizdə təhsil və savad övladların tərbiyəsində ən vacib məqamdır. Oğlanlar və qızlar eyni qaydada tədris prosesinə cəlb olunur, bərabər imkanlar daxilində təhsili davam etdirirlər.
Qızların təhsil alması cəmiyyətin inkişafına təsir edən mühüm amildir. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq. Qızlarımızın təhsil alması, cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələlərdə inkişafı baxımından xüsusi əhəmiyyətlidir.
Bundan əlavə, unutmamalıyıq ki, bir uşağın şəxsiyyət kimi yetişməsində təhsillə yanaşı onun fiziki və psixoloji sağlamlığı, eyni zamanda milli dəyərlərə sadiq və vətənpərvər ruhda tərbiyəsi çox önəmlidir.