“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək
Поделиться:
13 sentyabr 2021-ci il tarixində Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.
“Meclis.gov.az” saytının məlumatına əsasən, iclasın gündəliyindəki ikinci məsələ kimi Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planında qarşıdakı sessiyada müzakirə olunacaq məsələlər siyahısında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsinin də yer aldığı bildirilib. Sessiya zamanı reproduktiv sağlamlıq mövzusunda dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Reproduktiv sağlamlığın qorunması və mühafizəsi, sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərdən biridir. Cinsi və reproduktiv sağlamlıq hüquqları sağlamlıq, ləyaqət və digər insan hüquqlarından istifadə üçün zəruridir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının qadağan olunmasına dair Konvensiya (CEDAW) da daxil olmaqla insan hüquqlarına dair beynəlxalq müqavilələrlə müdafiə olunan bu hüquqlar yoxsulluqla mübarizədə əhəmiyyətli rol oynayır və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində mərkəzi amil olaraq qəbul edilmişdir.
Ana və uşaq ölümü hallarının azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulanlara keyfiyyətli tibbi qayğının göstərilməsi səhiyyə sistemi istiqamətində hökumətin xüsusi əhəmiyyət verdiyi sahələrdəndir.
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisin iclaslarında mütəmadi olaraq müzakirəyə çıxarılması məsələnin vacibliyini bir daha ortaya qoyur. Bu günün tələbinə uyğun aktuallığını saxlayan “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi bu sahədə beynəlxalq öhdəliklərin və standartların Azərbaycanda implementasiyası və həyata keçirilməsinə dəstək olmaqla yanaşı, cinsi ayrı-seçkilik hallarının qarşısının alınmasında da mühüm rol oynaya bilər.