Azərbaycan Uşaqlarının V Forumuna iştirakçıların seçim mərhələsi başlayıb
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində cari ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun seçim mərhələsinə start verilib.
Bakı şəhərində keçiriləcək Forumda iştirak etmək məqsədi ilə ölkənin müxtəlif şəhər və rayonlarından fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst ifadə edə bilən uşaqlar seçim mərhələsinə qatılıb.
Qeyd edək ki, bugünədək Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə 2009, 2011, 2014 və 2017-ci illərdə respublikanın bütün şəhər və rayonlarını təmsil edən uşaqların iştirak və idarə etdiyi Azərbaycan Uşaqlarının 4 Ümumrespublika Forumu keçirilmişdir.
Forumların keçirilməsində məqsəd uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, problemlərinin həlli ilə bağlı təşəbbüs irəli sürmək və təklif vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.