“Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsi
Поделиться:
Sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə növbəti görüş keçirilib “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsi çərçivəsində 20 aprel 2016-cı il tarixində Yasamal rayonunda yerləşən Səhiyyə Nazirliyi, 13 nömrəli Uşaq Poliklinikasında tədbir keçirilib. Tədbirdə Poliklinikada qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, həkimlər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan Poliklinikanın baş həkimi Sədaqət Xuduyeva, ilk öncə tədbir iştirakçılarını salamlamış, daha sonra poliklinikada qeydiyyatda olan uşaqlar barədə tədbir iştirakçılarına qısa məlumat verib. Tədbirin əhəmiyyətindən və xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə psixoloji və hüquqi yardım göstərilməsi, uşaqların sosial adaptasiyası, sosial – pedaqoji reabilitasiyası məqsədilə keçirilməsindən bəhs edən S.Xuduyeva ölkəmizdə uşaqlara qarşı xüsusi diqqət və qayğının olduğunu və əhalinin hər zaman bu qayğını hiss etdiyini vurğulayıb. Daha sonra Komitənin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, Komitənin yaranma tarixi və ölkəmizdə uğurla həyata keçirdiyi ailə, qadın və uşaq siyasəti barəsində tədbir iştirakçılarını məlumatlandırıb. “Günəş hamı üçündür” adlı layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi nəzdində olan müəssisələrdə artıq 6-cı tədbirin uğurla keçirildiyini qeyd edən K.Əliyeva, tədbirin valideynlər üçün istər psixoloji, istərsə də hüquqi baxımdan yararlı olduğunu, layihə çərçivəsində bir çox ailələr barəsində məlumatların toplandığını və aidiyyəti istiqamətlərdə ailələrin problemlərinin həlli baxımından onlara köməklik göstərildiyini bildirib. Bütün tədbir iştirakçılarını Komitənin həyata keçirdiyi maarifləndirmə tədbirlərində, eyni zamanda “Azərbaycan ailəsi” film festivalında iştirak etməyə dəvət edən Komitə rəsmisi valideynləri aktiv olmağa və onları maraqlandıran sualları ekspertlərə ünvanlamağa dəvət edib. Tədbirdə “Azərbaycan ailəsi” film festivalının qaliblərindən olmuş “Qağayı” filmi nümayiş edilib. Filmin nümayişindən sonra Komitənin Ailə Problemləri şöbəsinin əməkdaşı Səmra Əliyeva psixoloji istiqamətdə “Günəş hamı üçündür” adlı təqdimatla çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin üzərinə düşən öhdəliklər və onların psixoloji durumu, bu tipli halların ailələrdə yaratdığı mənfi fəsadlar, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiyası üçün vətəndaşların üzərinə düşən vəzifələr haqqında geniş məlumat verib. Daha sonra Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə Respublikamızda sağlamlıq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş imtiyazlar və mövcud qanunvericilik bazası barədə tədbir iştirakçılarını məlumatlandırıb. Çıxışlardan sonra müzakirələr aparılıb, valideynləri maraqlandıran suallar AQUPDK-nın əməkdaşları tərəfindən cavablandırılmışdır. Eyni zamanda tədbirin mahiyyətini əks etdirən istiqamətlərdə araşdırmanın aparılması məqsədilə valideynlərə anket sorğusu təqdim olunub. Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış və nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılıb.