Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son günlər baş vermiş məişət zorakılığı hadisələri ilə bağlı açıqlaması
Поделиться:
Ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır. Ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. Əksər hallarda zorakılıq qurbanları mövcud hüquq müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar.
2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılmış, çoxsaylı maarifləndirici layihələr həyata keçirilmiş, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilmişdir.
Görülən tədbirlər məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etmələrinə imkan yaratmışdır. Dövlət Komitəsi və tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.
Bir neçə illərin təcrübəsi göstərdi ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir. Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir.
Dövlət Komitəsinin və beynəlxalq təşkilatların apardığı çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır.
Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir. 2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırda bu istiqamətdə təkliflər hazırlanaraq, razılaşdırılması üçün cavabdeh dövlət orqanlarına göndərilmişdir.
3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilmişdir. Bu hadisə digər məişət zəminində baş vermiş cinayət hadisələri kimi ölkə ictimaiyyətini dərindən sarsıtmışdır.
3-4 avqust 2021-ci il tarixlərində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, eyni zamanda Bakı şəhəri Xəzər və Pirallahı rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri tərəfindən hadisə baş vermiş ünvana və uşaqların hazırda olduğu ailəyə səfər edilmiş və onların psixo-emosional vəziyyətləri qiymətləndirilmişdir. Hər iki uşağın psixoloji dəstək xidmətinə və Pirallahı rayonunda yerləşən "Bulaq” körpələr evi-uşaq bağçasına cəlb edilməsi nəzərdə tutulmuşdur. Uşaqların vəziyyətinin yoxlanılması üçün mütəmadi olaraq Dövlət Komitəsi tərəfindən öz səlahiyyətləri çərçivəsində Pirallahı rayon İcra Hakimiyyəti ilə birlikdə monitorinqlər keçiriləcəkdir.