26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür
Поделиться:
İctimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.
BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin 2019-cu il hesabatına əsasən narkotikdən istifadənin məhz yeniyetməlik dövrünə təsadüf etdiyi, eləcə də dünyada 35 milyon insanın narkotik asılılığının olduğu və bundan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyi məlum olub.
Narkotik istifadəçilərinin yaş həddində müşahidə edilən cavanlaşma zərərli vərdişləri olan yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, əhalini bu təhlükədən qorumaq, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi narkomaniya ilə mübarizə sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Tədbirlər çərçivəsində “Narkotik maddələrə YOX deyək”, “Zərərli vərdişlərin ailələrə təsiri”, “Narkotiklər yoxsa, HƏYAT”, “Cəmiyyətdə narkomaniya ilə mübarizə”, “Sağlam həyat tərzi. Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda təlimlər keçirilib, maarifləndirmə işləri aparılıb, bukletlər, məlumat vərəqələri hazırlanaraq vətəndaşlara paylanılıb.
Qeyd etməliyik ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər.
İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.