26 İyun – Silahlı Qüvvələr Günüdür: Milli Ordumuzun yaranmasından 103 il ötür
Поделиться:
“2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var. Həmin bu bayraqlar bu gün bu hərbi paradda, "Azadlıq" meydanında nümayiş etdiriləcək. Bu bayraqlar döyüş bayraqlarıdır. Bu bayraqlar işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib. Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək. Biz bu müqəddəs günü yaxınlaşdırırıq”.
Cənab Prezident İlham Əliyev bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda səsləndirmişdi. Bu gündən o günə baxanda bu sözlər necə də həyəcanlandırır. Amma o zamanlarda bu hələ yuxu kimi görünürdü.
Bu gün müstəqil Azərbaycanın tarixində ilk dəfərdir ki, Silahlı Qüvvələr Gününü qalib, bütöv Azərbaycanla qeyd edirik. Bu gün hər bir azərbaycanlının günüdür. Çünki Vətən müharibəmizdə harada yaşamasından asılı olmayaraq hər bir həmvətənimiz Azərbaycan Ordusunun “əsgəri” idi. Sosial vəzifəsindən, kimliyindən, peşəsindən, yaşından asılı olmayaraq hər kəs bir amal və bir arzu üçün birləşmişdi: AZƏRBAYCAN, VƏTƏN və onun azadlığı. Kimi qolunun gücü, kimi savadı, kimi də duasıyla bu cəsarəti özündən də böyük olan ailənin bir üzvü idi və bu birlik bizi Böyük Zəfərə yetirdi.
Amma bu günədək çox uzun və keşməkeşli yollardan keçildi. Mərhələ-mərhələ, addım-addım, qarış-qarış...
“Aprel döyüşləri”, “Günnüt əməliyyatı” “Tovuz hadisələri” nəticəsində cinayətkar erməni rəhbərlərinin “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi və bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun gücünə, qələbə əzminə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarında olduğuna şahid oldu.
Sentyabrın 27-sindən başlayan 44 günlük Vətən müharibəsində
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu hər gün yeni zirvələri fəth edərək düşmən tapdağında olan ərazilərimizi bir-birinin ardınca işğaldan azad etdi. Əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. 1-ci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı naminə canından keçən minlərlə ölümsüz qəhrəmanımızın, o cümlədən Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn 3000-ə yaxın igidimizin qanı yerdə qalmadı. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücəati, mərdliyi ilə dillərə dastan oldular.
Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin əzmi, atdığı müdrik və qətiyyətli addımlar sayəsində regionda sülh və sabitlik təmin edildi, həm ölkəmiz həm də region xalqları üçün yeni perspektivlər yarandı. Vətən müharibəsi bütün dünyaya azərbaycanlıların azadlıqsevər, mütərəqqi, mərd xalq olduğunu nümayiş etdirdi. Hər kəsə xəyal kimi görünən artıq gerçəkliyimizə çevrildi.
Birinci vitse-prezident Mehriban Əliyevanın da dediyi kimi: “30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”
Yaşasın qalib Azərbaycan! Yaşasın Müzəffər Azərbaycan Ordusu!