“Qızların peşə seçiminə hazırlıq” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Поделиться:
18 may 2021-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası “Qızların peşə seçiminə hazırlıq” mövzusunda birgə onlayn maarifləndirmə tədbiri keçirib. Tədbirdə 1 və 2 saylı Uşaq Evləri, SOS Uşaq kəndlərinin yuxarı sinif şagirdləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda peşə təhsili və təlimi sisteminin zəngin tarixə malik olduğunu bildirib, ölkəmizdə bu sahədə inkişafın təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən, qəbul edilmiş dövlət proqramlarından danışıb. O, peşə təhsilinin gənclərin inkişafında əhəmiyyətli rolunu vurğulayıb.
Tədbir zamanı Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə çıxış edib.
Sonda Dövlət Komitəsi tərəfindən tədbirdən öncə şagirdlər arasında aparılmış peşə seçimi ilə bağlı sorğu ətrafında müzakirələr aparılıb.